Gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır - Prezident
Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
“Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri, - dövlət başçısı qeyd edib.