Cəmiyyət
AQTA rəsmisi: "Elektron siqaretlər daha təhlükəlidir"
"16 mindən çox elektron siqaretin üzərində cizgi filmləri personajlarından, tərkibində meyvə dadlarından istifadə edilir. Burada hədəf uşaqlar və xanımlardır". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, elektron siqaret tərkibində tütün məmulatı olan siqaretlərdən daha təhlükəlidir: "Çünki bu siqaretlərin həm əhatə dairəsi daha genişdir, həm də tərkibi kimyəvi maddələrdən ibarətdir. 2020-ci ildə aparılan monitorinqə görə ABŞ-də ağciyər xəstəliklərindən əziyyət çəkənlərin 3000 nəfərdən artığı elektron siqaret istifadə edənlərdir. Onlar arasında ölənlər də olub. Elektron siqaretlərin 46 ölkədə satışı qadağan edilib, 83 ölkədə isə məhdudlaşdırılıb. Altı ay öncə bu siqaretləri qadağan edən ölkələrin sayı 35 idi. Yəni son yarım ildə 11 ölkə bu siyahıya qoşulub". Mərahim Nəsib
Mənbə
oxu.az