Dünya

Ukrayna müharibəni dayandırsa, nə olar?

16 Dec 2025, 16:42 1 baxış
Ukrayna müharibəni dayandırsa, nə olar?
Kubra Məhərrəmova yazır... Dörd ildir ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Milyonlarla insan həyatını itirir, Ukraynanın şəhərləri hər gün raket, dron hücumuna məruz qalır. Təəssüflər olsun ki, xeyli sayda ekspert düşünür ki, müharibə hələ uzun müddət davam edəcək. Belə bir ictimai fikir fonunda Ukraynanın prezidenti Volodimir Zelenski isə çox nikbin cümlələr səsləndirir: "Yaxın günlərdə mənim Prezident Trampın nümayəndələri ilə görüşlərim olacaq. Hal-hazırda müharibəni sona çatdırmaq üçün əhəmiyyətli bir şans var". Lakin bu şansın nədən ibarət olacağı barədə məlumat yoxdur. Nəzərə almalıyıq ki, iki gün davam edən Berlin görüşündən Ukrayna "bərk əllə" çıxmayıb. Səslənən tezis və fikirlər bu nəticəyə gətirir ki, həm ABŞ, həm də Avropa İttifaqı Ukraynanı "sülhə" məcbur edir. Çünki bu müharibə tərəfdaşlar üçün "xoş deyil". Tərəfdaşlar iqtisadi və mənəvi cəhətdən yorulublar. Kiyevdən tələb olunan isə ilk növbədə ərazi güzəştləridir. Belə ki, ABŞ Donbasın bir hissəsində "azad iqtisadi zona"nın yaradılması təklifini irəli sürüb. Bu isə o deməkdir ki, Ukrayna qoşunları ərazinin bir hissəsindən çıxmalı, Rusiya qoşunları isə oraya daxil olmamalıdır.
Bu azmış kimi müharibənin dayandırılması qarşılığında tərəfdaşlar Kiyevə heç nə vəd etmirlər. Artıq hər kəsə gün kimi aydındır ki, Ukrayna NATO-ya üzv olmayacaq. Bunun qarşılığında Kiyev də tərəfdaşlardan maksimal dərəcədə nəsə "qopartmaq" istəyir. Kiyevin fikrincə bu nəsə NATO Nizamnaməsinin beşinci maddəsinə əsasən təmin olunan kollektiv təhlükəsizlik təminatıdır. Təəssüflər olsun ki, ekspertlər yenə deyirlər ki, bu təminatı da ABŞ verməyəcək. Belə baxanda isə Ukraynaya verilən təminatlar özünü doğrultmayıb. O ki, qala verilməyənlər. Tarixə ekskurs etsək buna oxşar hadisəni - "Budapeşt memorandumu" yada sala bilərik. 1994-cü ildə imzalanan müqaviləyə əsasən Ukrayna nüvə silahından imtina etmişdi. Əvəzində isə Ukrayna ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatı almışdı. Bu vədin bu gün yerinə yetirilməməsi bir daha göstərir ki, beynəlxalq hüquqi mexanizmlər işləmir. Qısa məlumat verim ki, SSRİ dağılandan sonra, 1991-ci ildə Ukrayna ərazisində dünyanın üçüncü ən böyük nüvə arsenalına malik idi. Təxminən 1700 strateji nüvə başlığını, yüzlərlə taktiki nüvə silahını, daşıyıcı raketlər və bombardmançı təyyarələri "təhlükəsizlik" təminatına dəyişdi. Nəticədə isə Krım ilhaq olundu, Donbasda müharibə, 2022-ci ildə isə genişmiqyaslı müharibəyə start verildi. Lakin onu da etiraf etməliyik ki, heç Ukraynanın tərəfdaşları belə rəsmi Kiyevdən bu qədər dirəniş və müqavimət gözləmirdilər. Yadınıza gəlirsə müharibənin ilk günlərində Zelenskiyə Kiyevdən təxliyə olunması da təklif olunmuşdu. Lakin Ukrayna xalqının iradəsi bu gün də müharibənin davam etməsinin əsas səbəbidir. Zaman-zaman Ukrayna hərbi qüvvələri cəbhədə və cəbhədən uzaqda bir sıra uğurlara imza atıblar. Təbii ki, bu proksi mübarizə çərçivəsində Rusiya Hərbi Komandanlığının yüksəkçinli məmurları da öldürülür. Bu müqavimət Rusiyanın böyük və miqyaslı "ölüm maşını" qarşısında kifayət qədər böyük olmasa da, onun ağrılı yerlərindən vura bilir. Mələsən, Novorossiyskdə baş verənlər, danışıqlar zamanı Ukraynanın əlini möhkəmlədə bilər. Ukrayna iddia edir ki, Novorossiysk limanında Rusiyanın "Varşavyanka" sinifli sualtı qayığını "Sea Baby" tipli sualtı dronlar vasitəsilə vurub və onu sıradan çıxarıb. Sualtı gəmidə Rusiyanın Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi "Kalibr" qanadlı raketləri üçün dörd buraxılış qurğusu mövcud olub. Sualtı qayığın ümumi qiyməti isə 400-500 milyon ABŞ dolları təxmin edilir. Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasına görə, heç bir sualtı qayıq zədələnməyib və hamısı döyüş vəziyyətindədir. Təbii ki, gəminin vurulması etirafı Rusiyanın hərbi imicinə birbaşa təhdiddir. Böyük donanmanın ucuz və çevik dəniz dronlara məğlubiyyəti həm də Rusiya donanmasının manevr imkanlarını məhdudlaşdırmaq deməkdir. Dronlarla hücum və uğurlu əməliyyatlar Ukrayna üçün ilk təcrübə deyil, lakin bu qələbə də deyil. Bu kimi əməliyyatlar ən yaxşı halda danışıqlar masasında Ukraynanın daha az itkilərlə çıxması üçün atdığı addımlardır. Təəssüflər olsun ki, bu gün Ukrayna müharibəni dayandırsa da, dayandırmasa da tərəfdaşları Aİ və ABŞ-dən heç bir təhlükəsizlik zəmanəti ala bilmir. Gedişat isə onu göstərir ki, danışıqlarda Ukraynaya təzyiq artacaq. ABŞ və Avropa kompromislərə daha çox israr edəcək. Dekabrın əvvəlində birbaşa təmas zamanı Zelenskiyə eyni qəbildən mesajları İtaliyanın Baş naziri Meloni də çatdırmışdı. Özünü kollektiv Qərb kimi təqdim edən ölkələr isə Ukrayna mövzusunda yekdil qərar və fikir yürüdə bilmir. Bəziləri Ukraynanı müttəfiq kimi görsə də, bəziləri müharibənin iqtisadi və siyasi yükündən yorulub. Enerji asılılığı, daxili siyasi böhranlar və iqtisadi çətinliklər Aİ-nin vahid mövqeyini zəiflətməkdə davam edir. Məsələni Vaşinqtonun ritorikası da çətinləşdirir. Vaşinqton bütün mümkün vasitələrlə müharibənin tez bitməsini istəyir. Çünki uzunmüddətli müharibə regional sabitlik və qlobal iqtisadiyyat üçün risk yaradır. Yəni ki, "şəxsi heç bir məsələ yoxdur, sadəcə biznes" fikri dominantlıq edir. Mümkün ssenarilərdən biri də odur ki, hər tərəfdən sıxılan Kiyev hərbi təzyiqi artıracaq. Raketlər, hava-dəniz dronları vasitəsilə qarşı tərəfə maksimal dərəcədə zərər yetirəcək ki, danışıqlarda az da olsa mövqeyini möhkəmləndirsin. Rusiya isə son dəmir parçasına kimi müharibəni davam edəcək. Bütün iqtisadiyyatını müharibə rejiminə keçirən Rusiya mübarizədə Qərbin yorulacağına və Ukrayna daxilində narazılığa nail olacağını düşünür. Ukrayna ərazi bütövlüyünü və qərarvermə müstəqilliyini qorumağa çalışır. Tarix bir daha göstərir ki, real təhlükəsizlik mexanizmləri olmadan verilən vədlər müharibəni bitirmir, sadəcə onun növbəti mərhələsini formalaşdırır. Bu gün bu müharibə "dondurulmuş" rejimə keçirilərək gələcək nəsillər üçün "mina"ya çevriləcək. Ukrayna bu gün məhz bu ağır seçimin qarşısındadır. Ya zəmanətsiz sülhü seçəcək, ya da ağır, amma öz taleyini özü müəyyən edənə qədər müqavimət göstərəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər