İdman
"Sabah"ın xeyir, KRAL!
Azərbaycan futbolunda uzun illər dəyişməyən bir reallıq vardı - mövsüm başlayanda hamı çempionluq uğrunda mübarizədən danışsa da, sonda yenə eyni komanda, "Qarabağ" zirvədə olurdu. Bu artıq, sadəcə, komanda uğuru deyildi. Bu, hegemonluq idi. Elə bir hegemonluq ki, rəqiblər bəzən çempion olmaq üçün yox, "Qarabağ"a yaxınlaşmaq üçün mübarizə aparırdılar. İllər keçdikcə Azərbaycan futbolunda "ən güclü kimdir?" sualının cavabı dəyişmirdi. "Qarabağ" həm nəticələri, həm oyun sistemi, həm avrokubok təcrübəsi, həm də mentalitet baxımından digərlərindən fərqlənirdi. Klub ölkə daxilində rəqabəti elə səviyyəyə qaldırmışdı ki, bir çoxları üçün onun çempionluğu artıq sürpriz yox, adət halına gəlmişdi. Amma futbolun ən gözəl tərəfi də elə budur - heç bir hökmranlıq əbədi olmur. Bu mövsüm Azərbaycan futbolunda çox vacib bir hadisə baş verdi. "Sabah" klubu həm Misli Premyer Liqasının qalibi oldu, həm də Azərbaycan Kubokunu qazandı. Yəni söhbət təkcə bir tituldan getmir. Söhbət ölkə futbolunda tam güc nümayişindən gedir. "Sabah", sadəcə, çempion olmadı, o, Azərbaycan futbolunda qüvvələr balansının dəyişdiyini göstərdi. Dünən Azərbaycan Kubokunun finalında keçirilən "Sabah" - "Zirə" oyununda meydandakı atmosfer, azarkeşlərin güclü dəstəyi, hələ oyun başlamamışdan stadion ətrafındakı ab-hava Azərbaycan futbolu adına sevindirici hal idi. "Zirə" klubunun matçın əvvəllərində pressinq nəticəsində əldə etdiyi topu qapıdan keçirməsi oyunun çox maraqlı keçəcəyinin xəbərçisi idi. "Qartallar" hesabda önə keçsələr də, meydandakı və televizorlar qarşısındakı "Zirə" azarkeşlərindən başqa hər kəs bu matçda "Sabah"ın qalib olacağını gözləyirdi. "Bayquşlar"ın Azərbaycan futbolunda belə dominantlıq etməsi rəqiblərin də onun gücünü etiraf etməsi ilə nəticələnir. Məhz bu səbəbdəndir ki, oyundan sonra mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov çox güclü rəqibə qarşı oynadıqlarını və nəticənin belə bitməsində əsas amilin "Sabah"ın taktikasının olduğunu dedi. Bəlkə də ilk dəfədir ki, "Qarabağ"ın hegemonluğu təhlükəyə düşüb. Ən maraqlısı isə budur ki, "Sabah"ın uğuru təsadüfi görünmür. Bu komanda bir neçə il əvvəl yaranmış gənc layihə olsa da, addım-addım böyüdü. Klub əvvəlcə infrastrukturunu qurdu, sonra maliyyə sabitliyini təmin etdi, daha sonra isə iddialarını böyütdü. İlk illərdə məqsəd avrokuboklara yaxınlaşmaq idisə, artıq məqsəd dəyişmişdi - zirvəyə çıxmaq. Bu mövsüm isə həmin planın nəticəsi ortaya çıxdı. "Sabah"ın uğurunun arxasında təkcə futbolçuların keyfiyyəti dayanmırdı. Komandanın ən böyük üstünlüklərindən biri psixoloji dəyişiklik idi. Çünki Azərbaycanda bir çox komanda "Qarabağ"a qarşı oyuna çıxanda əvvəlcədən müəyyən qorxu yaşayırdı. Bu, illərlə formalaşmış bir psixoloji üstünlük idi. "Sabah" isə bu baryeri aşdı. Komanda artıq meydana "bəlkə, xal alarıq" düşüncəsi ilə yox, "biz daha güclüyük" inamı ilə çıxmağa başladı. "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas da mətbuat konfranslarında dəfələrlə bu barədə danışırdı. Mövsüm boyu oyunlardan sonra mətbuat konfranslarında, açıqlamalarda baş məşqçi hər zaman hücum futbolu oynatmaq istədiyini, oyuna onun komandasının nəzarət etməsinin tərəfdarı olduğunu və oyunlardan azarkeşlərin həzz almasını təmin etməklərini istədiyini dilə gətirib. Məhz bu mentalitet dəyişikliyi onları fərqli etdi. Əlbəttə, "Qarabağ"ın Azərbaycan futbolu üçün etdiklərini unutmaq mümkün deyil. Klub illərlə ölkə futbolunun Avropadakı əsas siması olub. Qurban Qurbanovun rəhbərliyi altında qurulan sistem Azərbaycan futbol tarixinin ən uğurlu layihəsinə çevrilmişdi. Çempionlar Liqası və Avropa Liqasında qazanılan nəticələr, böyük klublara qarşı oynanan matçlar, ölkə futbolunun beynəlxalq imicinə verilən töhfə - bütün bunlar "Qarabağ"ın niyə "kral" adlandırıldığını göstərirdi. Ancaq futbol da artıq sentimental deyil. Dünənin uğurları sabahın zəmanəti olmur. Bu mövsüm bir çox məqam göstərdi ki, artıq Azərbaycan futbolunda yeni güc ortaya çıxır. "Sabah" həm oyun keyfiyyəti, həm heyət dərinliyi, həm də stabillik baxımından fərqli görünürdü. Komanda kritik matçlarda daha inamlı idi. Ən vacib məqamlarda xal itirməmələri isə onların çempionluğa nə qədər hazır olduqlarını göstərirdi. Məhz bir çox neytral azarkeşin də bu rəqabətdə "Sabah"ın tərəfində olması təbii haldır. Kubokun qazanılması isə xüsusi mesaj idi. Çünki bir çox hallarda komandalar çempionluğa fokuslandıqdan sonra kubok turnirində geriləyirlər. "Sabah" isə bunun əksini etdi. Klub göstərdi ki, artıq məqsəd təkcə titul qazanmaq yox, ölkə futbolunda dominant qüvvəyə çevrilməkdir. Və burada çox vacib bir detal var. Azərbaycan futbolunun özü üçün də bu dəyişiklik lazımdır. Uzun illər eyni komandanın dominant olması müəyyən mərhələdən sonra liqadakı rəqabəti zəiflədir. Azarkeş marağı azalır, intriqa yox olur, mövsüm başlamamış çempion bəlli kimi görünür. Amma indi vəziyyət dəyişir. Artıq "Qarabağ"ın qarşısında real rəqib var. Bu isə həm liqanın səviyyəsini artıracaq, həm də digər klubları daha böyük hədəflər qurmağa məcbur edəcək. Bəlkə də "Sabah"ın ən böyük uğuru məhz budur. O, Azərbaycan futboluna "mümkündür" hissini qaytardı. Çünki illərlə hamı "Qarabağ"ı keçmək mümkün deyil" düşüncəsi ilə yaşayırdı. Artıq digər klublar da görürlər ki, düzgün layihə ilə hegemonluğu sarsıtmaq olar. Amma bütün bunlarla yanaşı, qarşıda ən çətin mərhələ dayanır. Kral olmaq asan deyil, amma kral kimi qalmaq daha da çətindir. "Qarabağ" bu məğlubiyyəti sakit qəbul edən klub deyil. İllərin qalibi olan komandanın reaksiyası çox maraqlı olacaq. Çünki hegemonluğunu itirən böyük komandalar, adətən, iki cür reaksiya verirlər: ya dağılır, ya da daha güclü qayıdırlar. Məhz buna görə qarşıdakı mövsüm Azərbaycan futbolu üçün son illərin ən maraqlı mövsümü ola bilər. Bir tərəfdə illərin kralı "Qarabağ", digər tərəfdə yeni güc "Sabah" və bunlarla yanaşı növbəti mövsümə tam gücü ilə hazırlaşan "Neftçi", eyni zamanda, artıq çempion olmağın vaxtı yetişmiş "Turan Tovuz". Və bəlkə də ilk dəfədir ki, Azərbaycan futbolunda çempionluq yarışı, həqiqətən də, əvvəlcədən bilinmir. İndi hamının gözlədiyi sual budur: Bu, bir mövsümlük üsyandır, yoxsa Azərbaycan futbolunda yeni eranın başlanğıcı?
Mənbə
oxu.az