Cəmiyyət
Sədr: "Əlverişsiz əmək şəraitinə görə 28280 halda işçilərə güzəşt tətbiq olunub"
"Hazırda Azərbaycanda 9 342 kollektiv müqavilə və 123 sahə kollektiv sazişi qüvvədədir". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov təşkilatın VIII Qurultayında hesabat məruzəsi ilə çıxışı zamanı bildirib. O qeyd edib ki, AHİK kollektiv müqavilələrin icrasına nəzarəti gücləndirməklə üzvlərinin hüquqlarının qorunmasına nail olur: "Minlərlə işçinin əmək müqaviləsinin rəsmiləşdirilərək sosial müdafiə sisteminə daxil edilməsi təmin olunub. Bu günədək 1 milyon 900 mindən artıq işçinin müqaviləsi əmək və məşğulluq altsistemində rəsmiləşdirilib. Bütün bunlar isə Baş Kollektiv Sazişin sosial ədalətin, layiqli əməyin, rəqabətədavamlı əmək bazarının və sosial rifahın möhkəmləndirilməsində əvəzsiz rol oynadığını bir daha təsdiqləyir". Sədr əlavə edib ki, əmək və sosial-iqtisadi hüquqların müdafiəsi ilə bağlı 2018-24-cü illər ərzində ümumilikdə 45.9 min müraciətə baxılıb, onlardan 88.9 faizi müsbət həll edilib, 1 000-dən artıq AHİK üzvü işə bərpa olunub: "Texnoloji avadanlıqların və əmək şəraitinin normativ hüquqi aktların tələblərinə uyğunluğuna dair 2 705 müəssisədə monitorinqlər aparılıb. Nəticədə 7 516 iş yeri sanitariya-gigiyena normalarına uyğunlaşdırılıb. Müdaxilələrimiz nəticəsində əlverişsiz əmək şəraitinə görə 28 280 halda işçilərə güzəşt tətbiq olunub, 169 435 nəfər norma tələblərinə uyğun fərdi mühafizə vasitələri ilə təmin edilib. Ölkəmizdə əməyin mühafizəsinə dair 88 milli standart qəbul olunub. Bu standartlar hazırlanarkən konfederasiyamız öz təkliflərini verib və qəbul olunmasında yaxından iştirak edib". Məlik Məlikov
Mənbə
oxu.az