Mədəniyyət
Nizami Kino Mərkəzində "Qələbə nəfəsi" sənədli filminin təqdimatı keçirilib
Nizami Kino Mərkəzində "Qələbə nəfəsi" sənədli filminin təqdimatı keçirilib. Oxu.Az xəbər verir ki, film CBC telekanalının təşkilatçılığı və Audiovizual Şuranın maliyyə dəstəyi ilə işıq üzü görüb. Filmin əsas mövzusu müharibə iştirakçıları, qazilərin psixoloji reabilitasiyası və cəmiyyətə reinteqrasiyasıdır. Filmin baş qəhrəmanı döyüşlərdə minaya düşərək hər iki ayağını itirmiş Vətən müharibəsi qazisi Polad Rzayevdir. O, uzun reabilitasiya prosesindən keçərək hazırda aktiv həyat tərzi sürür. Atçılıq, ağırlıqqaldırma, xizək sürmə, alpinizm qəhrəmanın maraq dairəsinə aiddir. O, bionik protezlərlə Avropanın ən hündür nöqtəsi olan Elbrus dağını fəth edən nadir insanlardandır. Poladın atası Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri, Şuşada şəhid olmuş özünümüdafiə batalyonunun komandiri Tofiq Oğuzdur. Amma özünün də bildirdiyinə görə, Poladı döyüşlərə atılmağa vadar edən qisas hissi deyil, Vətənə və Azərbaycan xalqına olan sevgisidir. "Burada nə şəxsi maraq, nə də şəxsi qisas məsələsi ola bilməzdi. Çünki bu bizim müqəddəs missiyamızı ucuzlaşdırardı", - deyə filmdə baş qəhrəman bildirir. "Qələbə nəfəsi" sənədli filminin ssenari müəllifi Namiq Həsənli, rejissoru Həbib Cəbrayılov, prodüseri Renat Əhmədovdur. Sənədli film rus və ingilis dillərinə tərcümə olunub və yerli telekanallarda nümayiş olunacaq. Filmin yaradıcı heyəti gördükləri işi beynəlxalq kinofestivallarda da nümayiş etdirmək fikrindədir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər