Dünya
Manikürün sağlamlığa TƏHLÜKƏLƏRİ
Davamlılığı və rahat istifadəsi səbəbindən son illərdə ən populyar kosmetik vasitələrdən birinə çevrilən gel-lakın müntəzəm tətbiqi qadınların reproduktiv sağlamlığı üçün potensial risklər yarada bilər. Oxu.Az xəbər verir ki, bu barədə mama-ginekoloq və reproduktiv tibb üzrə mütəxəssis, dosent Nur Dokuzeylül Günger "Habertürk" portalına açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, gel-lakların tərkibində adətən örtüyün elastikliyini və davamlılığını təmin edən maddələr - ftalatlar mövcuddur. Bu birləşmələr endokrin pozucular kimi təsnif edilir, yəni hormonal sistemi poza bilirlər. Heyvanlar üzərində aparılan tədqiqatlar ftalatların ovulyasiya prosesinə və embrional inkişafa mənfi təsir göstərdiyini ortaya qoyub. Bundan əlavə, dırnaq lövhəsi boyunca lakın bərabər yayılmasına kömək edən toluol maddəsinin uzunmüddətli istifadəsinin menstrual tsikl və hormonal balans üzərində mənfi təsirlərə səbəb olduğu məlumdur. Sərtləşdirici vasitə kimi istifadə edilən formaldehid, eləcə də gel-lakın qurudulması üçün tətbiq olunan UB və LED lampalar da qadın sağlamlığı üçün risk amili hesab olunur. Gel-lakın birbaşa sonsuzluğa səbəb olduğuna dair hələlik inandırıcı elmi sübutlar olmasa da, aparılan araşdırmalar onun menstrual pozuntulara və erkən menopauzaya yol aça biləcəyini göstərir. Mütəxəssis vurğulayıb ki, hamiləlik planlaşdıran və ya sonsuzluq müalicəsi alan qadınlar gel-lakdan istifadə edərkən xüsusilə ehtiyatlı olmalıdırlar.
Mənbə
oxu.az