Siyasət

Millət vəkili: "Məhsəti Gəncəvinin obrazının təqdimatı onun ədəbi irsinin mahiyyətinə uyğun gəlmir"

05 Dec 2025, 23:14 1 baxış
Millət vəkili: "Məhsəti Gəncəvinin obrazının təqdimatı onun ədəbi irsinin mahiyyətinə uyğun gəlmir"
"Sabiq və ən uğursuz mədəniyyət naziri Əbülfəs Qarayevin qızının çəkdiyi "Məhsəti" filmi ətrafında yaranmış müzakirələr təkcə bu ekran əsərinin bədii keyfiyyəti ilə bağlı deyil". Bu sözləri Oxu.Az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib. Deputat bildirib ki, sözügedən film Azərbaycan mədəniyyətinə, xüsusilə də Mədəniyyət Nazirliyinə Əbülfəs Qarayevin rəhbərlik etdiyi zaman kəsiyində formalaşmış bəsit və formal, görüntü xarakterli yanaşmanın davamıdır və mədəni irsə münasibətdə sistemli problemlərin mövcudluğunu bir daha üzə çıxarır: "Film, əslində, tarixi şəxsiyyətlərin ekranlaşdırılmasına dair məsuliyyətli yanaşmanın nə qədər zəruri olduğunu təsdiqləyən nümunə də hesab oluna bilər. Ekran əsərində Məhsəti Gəncəvinin obrazının təqdimatı onun ədəbi irsinin mahiyyətinə uyğun gəlmir. Onun poetik kimliyi, dövrün mədəni mühitində tutduğu mövqe və ədəbiyyat tarixindəki yeri ekran dilində dəqiq və əsaslandırılmış şəkildə təqdim olunmur. Obrazın xarakteri, davranışları və estetik çərçivəsi orijinal tarixi obrazın məzmununu əks etdirməkdən çox uzaq təsir bağışlayır. Bu isə yalnız konkret filmə aid problem deyil, uzun illər boyu mədəniyyət mühitində hökm sürmüş səthi, kontekstdən uzaq və əsasən xarici auditoriya üçün nəzərdə tutulmuş təqdimat modelinin tipik nümunəsidir". E. Mirzəbəyli qeyd edib ki, filmdə istifadə olunan vizual həllər, kostyum seçimi, dil və bədii üslub Azərbaycanın tarixi-mədəni mühitinin təbii axarını əks etdirmək əvəzinə, dekorativ xarakter daşıyır: "Bu yanaşma milli irsin mahiyyətini təcəssüm etdirmir, əksinə onu ümumiləşdirilmiş, arxetipik və bəzən də süni təsvirlərə parçalayır. Nəticədə tarixi şəxsiyyətin obrazı real tarixi-bədii əsaslardan və klassik ənənələrdən uzaqlaşaraq, bir modelyerin yaratdığı formal konstruksiyaya çevrilir. Burada problemin yalnız yaradıcı heyətin təcrübəsizliyi ilə bağlı olduğunu düşünmək düzgün deyil. "Məhsəti" filmi Azərbaycan mədəniyyətində mahiyyətdən çox görüntüyə yönəlmiş idarəçilik modelinin yaratdığı qeyri-estetik bədii "təpəgözluk" nümunəsidir. Bu modeldə milli irsin dərinliyinə nüfuz etməkdən daha çox, onu vizual təqdimata çevirərək müxtəlif beynəlxalq platformalara çıxarmaq üstün tutulub. Halbuki tarix və mədəniyyət mövzularında yaradıcı yanaşma yalnız bədii fantaziya ilə deyil, məsuliyyət və elmi əsaslarla uzlaşdığı halda obyektiv nəticə verə bilər". Millət vəkilinin sözlərinə görə, tarixi şəxsiyyətlərin ekranda yenidən yaradılması xüsusi elmi hazırlıq, konseptual dəqiqlik və mənbə bazasına söykənən yanaşma tələb edir: "Məhsəti Gəncəvi kimi Azərbaycan ədəbi düşüncəsində mühüm yer tutan simanın təqdimatı isə daha ciddi tarixi-mədəni məsuliyyət tələb edir. Tarixi şəxsiyyətlər və onların irsi hansı auditoriyaya ünvanlanmasından asılı olmayaraq, etibarlı şəkildə və milli mədəni yaddaşa uyğun təqdim edilməlidir". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər