Siyasət

Bəhruz Məhərrəmov: "Ölkəmiz əleyhinə təsir mexanizmlərinin formalaşdırılması mümkün deyil"

05 Dec 2025, 18:38 1 baxış
Bəhruz Məhərrəmov: "Ölkəmiz əleyhinə təsir mexanizmlərinin formalaşdırılması mümkün deyil"
"Rusiya Daxili İşlər Nazirliyinin bu ölkədəki azərbaycanlıların sayı ilə bağlı açıqladığı statistika anti-Azərbaycan dairələrin uzun illər ərzində ölkəmizin əleyhinə rıçaqa çevirdiyi tezislərin birindən məhrum olması deməkdir". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. "Sirr deyil ki, həmin qüvvələr uzun bir dövr ərzində Rusiyada iki milyondan artıq azərbaycanlının yaşadığını və ölkələr arasında hər hansı siyasi anlaşılmazlıq yaranacağı təqdirdə soydaşlarımızın bu ölkədən deportasiya oluna biləcəyini, əmlak və digər hüquqlarının təhdid altına düşəcəyini əsas gətirərək süni təzyiq mühiti formalaşdırmağa çalışıblar. O cümlədən də Azərbaycanda özünü Rusiya əleyhdarı kimi göstərən, əslində isə birmənalı şəkildə şimal qonşumuzun ayrı-ayrı dairələrinin tezisləri əsasında fəaliyyətini quran dairələr, ələlxüsus "Milli Şura" adı altında birləşən marionetlər mənşəyi məlum olmayan bu saxta statistikanı əsas gətirməklə Azərbaycan ictimaiyyəti üzərində Rusiya mifi formalaşdırmağa çalışıblar. Bu "rıçaq" Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam etmiş münaqişə dövründə də geniş formada istifadə olunmuş, Azərbaycan cəmiyyətinə Rusiyanın forpostu olan Ermənistanla müharibə olacağı təqdirdə Rusiyadakı soydaşlarımızın həyatı, rifahı və əmlakının təhdid altına düşəcəyi təlqin olunmuşdu. Lakin Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında Azərbaycanın əldə etdiyi böyük hərbi-siyasi zəfər, ardınca Qarabağdakı Rusiya sülhməramlılarının çıxarılması, habelə təyyarə böhranında Rusiya dövlət başçısının üzr istəməsi fonunda Bakı nümayiş etdirdi ki, ölkəmiz əleyhinə hər hansı formada təsir mexanizmlərinin formalaşdırılması və milli iradə üzərində diktəedici mövqeyə sahib olmaq mümkün deyil", -deputat vurğulayıb. O bildirib ki, ölkəmizin yaranan yeni reallıqda qlobal maraqları uzlaşdırması şəraitində Rusiya tərəfinə də bir daha aydın oldu ki, Azərbaycanla miflərdə ehtiva olunan hansısa təsir rıçaqları ilə yox, bərabərhüquqlu əməkdaşlıqda daha çox faydalanmaq mümkündür: "Yəni Azərbaycan özünün hərbi-siyasi qələbələri və yaratdığı yeni reallıqlar fonunda dövlət və cəmiyyətimiz üzərində istənilən təzyiq aləti və cəhdini zatən neytrallaşdırmışdı, hazırda açıqlanan statistika isə Azərbaycanın cəsarətli davranışında nə qədər haqlı olduğunu bir daha üzə çıxarmış oldu. Əlbəttə, açıqlanan cari statistikadakı soydaşlarımızın sayı da kifayət qədərdir. Lakin biz bu rəqəmə Azərbaycan üzərində qonşu dövlətin təsir imkanı kimi yox, əksinə, azərbaycanlıların Rusiyada mövqelərinin güclənməsi, bu ölkənin müxtəlif sferalarında rolunun artması imkanı kimi yanaşırıq. Azərbaycanla Rusiya arasında münasibətlərin dərin tarixi, mədəni, humanitar, siyasi əlaqələr, habelə ölkəmizin qlobal miqyasda artan imkanları zəminində biz proseslərin pozitiv istiqamətdə inkişafından fərqli format görmürük". Mərahim Nəsibov
Mənbə oxu.az

Oxşar Xəbərlər