Siyasət

Deputat: "Yalanları ifşa olunan antimilli ünsürlərin deməyə nə sözləri, nə də üzləri qalıb"

05 Dec 2025, 17:34 1 baxış
Deputat: "Yalanları ifşa olunan antimilli ünsürlərin deməyə nə sözləri, nə də üzləri qalıb"
"Şəxsi maraqlarını milli mənafedən üstün tutan antimilli ünsürlər dövlətimizin uğurlarını, müstəqil siyasətini həzm edə bilmədiklərindən hər zaman müxtəlif manipulyasiyalara əl atıblar". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O bildirib ki, mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu qruplar hər zaman ölkəmizə qarşı aparılan informasiya müharibəsində utanmadan ön cəbhədə yer alıblar: "Ölkəmizə qarşı çirkin niyyətlərini gerçəkləşdirməyə cəhd edən anti-Azərbaycan qüvvələr cızdıqları ssenarinin icrasında hər zaman bu xəyanətkarlardan ustalıqla istifadə edirlər. Bu antimilli adamların sosial şəbəkələrdə dövlətçiliyimizin əleyhinə səsləndirdikləri cəfəngiyyatlar xaricdəki himayədarları, erməni lobbisi ilə şəxsi maraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur". Deputat daha sonra qeyd edib: "Haqqında Cinayət Məcəlləsinin dövlət hakimiyyətinin zorla ələ keçirilməsi maddəsi ilə ittiham irəli sürülən və haqqında 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimli kimilər sosial şəbəkələrdə antimilli notlara köklənmiş ikrah doğuran çıxışları ilə yalnız və yalnız ölkəmizin imicinə zərbə vurmaq, özlərinin yalanlarını xalqa həqiqət kimi sırımağı, hakimiyyətin atdığı hər bir addımı qara rəngdə təqdim etməyi düşünürdülər. AXCP-nin sədri başda olmaqla partiyanın funksionerlərinin və digər radikalların, müxalifyönlü ekspertlərin manipulyasiya etdikləri məsələlərdən biri də Rusiyada 2 milyon və daha çox azərbaycanlının yaşaması ilə bağlı idi. Antimilli qüvvələr bu məsələdən istifadə edərək Azərbaycan ictimaiyyətini çaşdırmağa cəhdlər ediblər. Hamımız yaxşı xatırlayırıq ki, hər bir seçki dövründə antimilli ünsürlər tərəfindən guya 2 milyondan artıq azərbaycanlının Rusiyada yaşadığı və onların səslərinin saxtalaşdırıldığı, yaxud insanların ölkədə dolana bilməməsi və buna görə də qazanc dalınca Rusiyaya üz tutması ilə bağlı cəfəng iddialar irəli sürülürdü. Bundan başqa, Rusiyada yaşayan azərbaycanlıların davamlı şəkildə öz ailələrinə pul göndərməsi əsas gətirilərək bu vəsaitlərin kəsiləcəyi təqdirdə Azərbaycanda vəziyyətin pisləşəcəyi iddia edilir, daim bu məsələ ilə bağlı boş hay-küy qaldırılırdı. Bütün bunlar azmış kimi həmin ünsürlər bu məsələni hər zaman Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqlarından biri kimi şərh edirdilər. Amma açıqlanan son məlumatlar hər zaman dövlətə, xalqa qarşı düşmən mövqeyi tutan AXCP sədri Əli Kərimli başda olmaqla antimilli qüvvələrin bu manipulyasiyasını tam şəkildə ifşa edir. Belə ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə bu ölkədə rəsmi qeydiyyatda olan müxtəlif kateqoriyalı Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 224 min 397 nəfər təşkil edib. Bəzi ekspertlərin fikrincə, Rusiyanın miqrasiya qanunvericiliyində 2024-2025-ci illər ərzində aparılmış genişmiqyaslı dəyişikliklər və sərtləşdirmələr bu ölkədəki xarici vətəndaşların demoqrafik dinamikasına, miqrasiya davranışına və uzunmüddətli yerləşmə imkanlarına ciddi təsir göstərib. Tətbiq edilən yeni hüquqi məhdudiyyətlər Rusiyada ölkədə miqrasiya uçotunda olan və müvəqqəti və daimi yaşamaq icazəsinə malik digər xalqların nümayəndələrinin ümumi sayında azalmaya səbəb olub. Rusiyada 2010 və 2021-ci illərdə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən Rusiya vətəndaşları olan etnik azərbaycanlıların sayı müvafiq olaraq 603 070 və 474 576 nəfər təşkil edib. Bu da göstərir ki, Rusiyada 2 milyon və daha çox azərbaycanlının daimi və ya müvəqqəti yaşadığı barədə iddiaların əsası yoxdur". Millət vəkili deyib ki, indiyə qədər bu məsələdən istifadə edərək Azərbaycan dövlətinə qarşı təbliğat aparan qüvvələrin iddialarının ağ yalan olduğu bir daha təsdiqini tapmış oldu: "İndi nə deyəcəksiniz, ay ağı qara rəngində təqdim edən antimilli ünsürlər? Təsdiq olundu ki, AXCP adlı marginal qrupun rəhbəri Əli Kərimli və onun direktivləri ilə sosial şəbəkələrdə dövlətimizə qarşı trolluq edən ünsürlərin bütün iddiaları yalan, saxta, uydurma olub. Məqsəd Azərbaycanda həyata keçirilən və dövlətimizin daha da güclənməsini, xalqımızın sosial rifah halının daha da yaxşılaşmasını təmin edən uğurlu siyasəti ləkələmək olub. Çünki bu xəyanətkarlar üçün Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, dünyada söz sahibinə çevrilməsi, xalqımızın daha yaxşı yaşaması sərfəli deyil. Amma açıqlanan rəqəmlər bu qüvvələrin bütün manipulyasiyalarını, Azərbaycanda sosial-iqtisadi durumla bağlı irəli sürülən iddiaları alt-üst edir. Bu xəyanətkarların sosial şəbəkələrdəki qaragüruhçu fəaliyyəti böhtana, əsassız iddialara, yalana, qərəzə söykənirdi. Göründüyü kimi, növbəti dəfə müxalifətçiliklə düşmənçiliyi səhv salan və tam şəkildə ifşa olan bu antimilli ünsürlərin arzuları gözündə qaldı. Bundan sonda deməyə nə sözləri, nə də üzləri var".
Mənbə oxu.az

Oxşar Xəbərlər