Dünya
Paşinyanın partiyasından Ermənistanın yeni konstitusiya layihəsi ilə bağlı açıqlama
Ermənistanın yeni konstitusiya layihəsi ilə bağlı müzakirələr 2027-ci ilin yazına qədər davam edəcək. Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə hakim Vətəndaş Sazişi Partiyasının parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan Milli Məclisdə keçirilən ənənəvi brifinqlər zamanı məlumat verib. "Layihə müzakirələr, fikirlərin və təkliflərin qarşıdakı bir neçə ay ərzində səsləndirilməsi üçün dərc edilib. Saytda təkliflərlə çıxış etmək imkanı mövcuddur. Bütün vətəndaşlar bunu etməkdə sərbəstdirlər", - deyə Manavazyan əlavə edib. Eyni partiyadan olan deputat Alxas Kazaryan öz növbəsində qeyd edib ki, hakimiyyət orqanları bu məsələdə tələsmək niyyətində deyillər. Müzakirələrdən sonra layihə Milli Məclisə göndəriləcək. Xatırladaq ki, yeni konstitusiya layihəsi noyabrın 23-də dərc edilib. Preambulanın mətnində "Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" bəhs edilən və "erməni soyqırımı"nın xatırladıldığı ("Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir") İstiqlal Bəyannaməsinə heç bir istinad yoxdur. Bəyannaməyə istinadın istisna edilməsi Azərbaycanın sadəcə ratifikasiya edilmiş sülh sazişinin imzalanması üçün ilkin şərtidir.
Mənbə
oxu.az