İdman
UEFA-dan "Sabah" - "Barselona" oyunu ilə bağlı diqqətçəkən statistika
"Sabah"ın avrokubok oyunlarında qolsuz bərabərliyin qeydə alınmaması və "Barselona"nın məhsuldar çıxışı Bakıdakı qarşılaşma öncəsi diqqətçəkən statistik göstəricilərdir. Oxu.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək "Sabah" - "Barselona" matçı ilə bağlı maraqlı məlumatlar açıqlayıb. Bildirilib ki, Azərbaycan təmsilçisinin UEFA turnirlərində keçirdiyi 26 oyunun heç biri 0:0 hesabı ilə yekunlaşmayıb. "Sabah" bu mövsüm avrokuboklarda 12 qarşılaşmada yeddi qələbə qazanıb, beş dəfə məğlub olub. Komanda həmin oyunların beşində qapısını toxunulmaz saxlayıb. "Barselona"nın göstəriciləri də diqqətçəkəndir. Kataloniya klubu qrup və liqa mərhələlərində keçirdiyi son 19 oyunun 17-də rəqib qapısına azı iki dəfə yol tapıb. Bundan başqa, komandanın son 22 belə matçının hər birində ən azı üç qol vurulub. Həmin oyunlarda 105 qol qeydə alınıb. İspaniya təmsilçisi son 12 səfər oyununda qapısında qol görüb. Hansi Flikin komandası Çempionlar Liqasındakı son 11 matçın yalnız ikisində məğlub olub. Bu müddətdə səkkiz qələbə və bir heç-heçə əldə edilib. "Barselona" cari mövsüm turnirdə keçirdiyi dörd oyunun üçündə qalib gəlib. Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 21:45-də başlayacaq.
Mənbə
oxu.az