Dünya
Tramp respublikaçıların məğlubiyyətini qəbul etdi: "Demokratlarla işləməyə hazırıq"
ABŞ Prezidenti Donald Tramp aralıq seçkisinin nəticələrini - respublikaçıların məğlubiyyətini qəbul edərək, Demokrat Partiyası ilə işləməyə hazır olduğunu bildirib. Oxu.Az-ın məlumatına görə, dövlət başçısı bunu "The New York Times" nəşrinə bildirib. "Bilirsiniz, biz onlarla birgə fəaliyyət göstərmək şansını səbirsizliklə gözləyirik. Çox güman ki, ortaq bir yol tapacağıq", - deyə o vurğulayıb. Respublikaçıların yaşadıqları "itkiləri" adının seçki bülletenlərində yer almaması ilə əlaqələndirən Tramp eyni zamanda Texasın baş prokuroru Ken Pakston və senator Darlin Qremi dəstəkləməsindən peşmanlıq duymadığını qeyd edib. Xatırladaq ki, noyabrın 3-də Birləşmiş Ştatlarda aralıq seçkisi üzrə əsas səsvermə başlayıb. Vətəndaşlar Nümayəndələr Palatasının tam tərkibini - 435 üzvü, 36 ştatın qubernatorunu və 35 senatoru, o cümlədən yerli rəsmiləri və regional qanunverici orqanların nümayəndələrini seçirlər. Səsvermənin nəticələrinin hesablanması prosesinin bir neçə gün davam etməsi ehtimal olunur. Son məlumatlara görə, demokratlar Nümayəndələr Palatasına seçkilərdə 190-dan çox, respublikaçılar isə 110-dan bir qədər artıq mandat əldə ediblər. Senata isə demokratlar 50-dən çox, respublikaçılar isə 40-a yaxın mandat qazanıblar. Qeyd edək ki, səsvermədə 50 milyondan çox şəxs vaxtından əvvəl iştirak edərək, 45.9 milyon amerikalının səs verdiyi 2022-ci ilin rekord göstəricisini yeniləyib.
Mənbə
oxu.az