İqtisadiyyat
Azərbaycanda bank sektorunun aktivləri artıb
"2026-cı ilin ötən dövründə bank sektoru sabit fəaliyyətini davam etdirib". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, bank sektorunda məcmu kapital adekvatlıq səviyyəsi 16.7% və likvidliyin örtülmə əmsalı 156% olmaqla normativləri əhəmiyyətli üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib: "Bank sektorunun aktivləri genişlənməsi iqtisadi fəaliyyətə dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15.1% artaraq 65.7 milyard manat olub. Kredit portfeli 14% artaraq 34.3 milyard manata çatıb. Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2.7% olub".
Mənbə
oxu.az