İdman

"Kəpəz" klubu "Turan Tovuz"a məxsus rekordu qırdı

30 Oct 2026, 12:13 1 baxış
"Kəpəz" klubu "Turan Tovuz"a məxsus rekordu qırdı
"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan Kubokunun II təsnifat mərhələsinin "Kəpəz" - "Baku Sportinq" qarşılaşmasını (3:1) 5 000 tamaşaçı izləyib. Bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudur. Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1 500 olmuşdu. 2023/2024 mövsümündə II təsnifat mərhələsinin "Turan Tovuz" - "Göygöl" (5:1) matçında qeydə alınan, 2024/25 mövsümündə I təsnifat mərhələsinin "Şəki" - "Şəmkir" (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3.33 dəfə yüksək göstərici ilə yenilənib. Ümumilikdə mərhələnin 12 oyununda 6 830 seyrçi olub. Bu, II təsnifat mərhələləri üçün rekorddur. 2023/24 mövsümündə 11 matçda 3 955, 2024/25 mövsümündə 11 qarşılaşmada 2 780, 2025/26 mövsümündə 12 oyunda 2 000 tamaşaçı qeydə alınmışdı. I təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7 610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidir. 2023/24 mövsümündə 5 615, 2024/25 mövsümündə 4 560, 2025/26 mövsümündə 2 290 tamaşaçı qeydə alınmışdı. Qeyd edək ki, bu mərhələdə "Şimal" - "Araz-Naxçıvan" (50), "Marafon" - "Zaqatala" (300), "İmişli" - "Qaradağ Lökbatan" (20), "Kür-Araz" - "Sumqayıt" (600), "Qəbələ" - "Mingəçevir" (150), MOİK - "Şahdağ Qusar" (100), "Xankəndi" - "Gəncəbasar" (20), "Hypers" - "Şamaxı" (300), "Şəfa" - "Ağstafa Gəncləri" (50), "Zəngəzur" - "Karvan-Yevlax" (40), "Səbail" - "Zirə" (200), "Kəpəz" - "Baku Sportinq" (5 000) matçları baş tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər