Digər
№1 Çörək Zavodu əməkdar jurnalistin şikayətini nəzarətə götürüb - Video
Əməkdar jurnalist Səadət Məmmədovanın mağazadan aldığı №1 markasına aid bir ədəd "Qarabaşaq çörəyi"nin keyfiyyətinə dair şikayətə istehsalçı müəssisədən münasibət bildirilib. Oxu.Az xəbər verir ki, Səadət Məmmədova sosial şəbəkə hesabında paylaşım edərək axşam saatlarında mağazadan aldığı çörəyi növbəti gün istifadə etmək istəyərkən onun üzərində ağ ləkələr aşkar etdiyini bildirib. İstehlakçının paylaşımından sonra №1 Çörək Zavodu məsələni ciddi nəzarətə götürüb. Zavodun Keyfiyyətə nəzarət və texnologiya şöbəsinin müdiri Rəşad Mehdiyev bildirib ki, istehlakçı ilə əlaqə saxlayaraq onun narahatlığını və baş verən hadisənin təfərrüatı öyrənilib, məsələ dərhal nəzarətə götürülüb və müvafiq tədbirlər görülüb. "№1 Çörək Zavodu fəaliyyət göstərdiyi müddət ərzində hər gün minlərlə ailənin süfrəsinə öz məhsulları ilə daxil olur. Bu isə üzərimizə böyük məsuliyyət qoyur. Məhz bu məsuliyyəti nəzərə alaraq vurğulamaq istəyirəm ki, zavodumuzda istifadə olunan bütün xammallar keyfiyyət uyğunluğu sertifikatlarına malikdir. Daxil olan xammalların hər biri burada ayrıca olaraq laboratoriyalarda yoxlanaraq istehsalata buraxılır. Müəssisədə tam avtomatlaşdırılmış istehsal sistemi qurulub. Yəni məhsullarımız istehsal prosesinin bütün mərhələlərindən insan əli dəymədən keçir. Bununla yanaşı, qablaşdırılmış məhsullarımızın üzərində onların saxlanma şəraiti və istifadə müddəti barədə ətraflı məlumat yerləşdirilib. Sonda bütün istehlakçılarımıza müraciət edərək xahiş edirik ki, məhsulları əldə edərkən son istifadə tarixinə, istifadə müddətində isə qablaşdırmada göstərilən saxlanma şərtlərinə mütləq diqqət yetirsinlər. İstehlakçılarımızın etimadı və məhsullarımızın keyfiyyəti bizim üçün hər zaman əsas prioritet məsələdir". Qeyd edək ki, №1 Çörək Zavodu 2013-cü ildən fəaliyyət göstərir. Müəssisə ərzaq təhlükəsizliyi və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın məşhur şirkətlərinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunub. Gündəlik istehsal gücü 150 ton olan çörək zavodu "ISO 9001" və "ISO 22000" sertifikatlarına sahibdir və ölkədə keçirilən bir çox beynəlxalq tədbirlərin əsas tədarükçülərindən biridir.
Mənbə
oxu.az