Dünya
Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatında silahlı şəxslərin hücumu nəticəsində azı 40 dinc sakin həlak olub. Oxu.Az "Premium Times" qəzetinə istinadən xəbər verir ki, silahlı qrup Karım Lamido bölgəsindəki Binnari kəndinə hücum edib. Hücum edənlər qonşu Plato ştatından inzibati sərhədi keçərək kəndə daxil olublar. Onlar əkin sahələrini yandırıb, evləri və mağazaları dağıdıb, dinc sakinləri fərq qoymadan öldürüblər. Hadisə şahidlərinin sözlərinə görə, ölənlərin sayı arta bilər. Belə ki, bir çox sakin itkin düşmüş hesab olunur. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Nigeriyanın şimal-şərqində əsas terror təhlükələrindən biri 2009-cu ildə Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərində yaradılmış "Boko Haram" ekstremist qruplaşması hesab olunur. Qruplaşmanın məqsədi ölkədə hakimiyyəti ələ keçirməkdir. O, mütəmadi olaraq terror aktları törədir. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri "Boko Haram"a ciddi zərbə vuraraq qruplaşmanın nəzarətində olan əraziləri əhəmiyyətli dərəcədə azaldıb. Bundan sonra silahlılar qonşu ölkələrdə, əsasən də Çad gölü ətrafında bazalar yaratmağa başlayıblar. Həmin il "Boko Haram" daxilində parçalanma baş verib. Qruplaşmadan ayrılan silahlı dəstə sonradan "Qərbi Afrikada İslam Dövləti" təşkilatını yaradıb.
Mənbə
oxu.az