Dünya
BMW kütləvi ixtisarlara gedir
Almaniyanın BMW avtomobil konserni dünya üzrə, əsasən də Almaniyada 8 000-dək iş yerini ixtisar etməyi planlaşdırır. Şirkət bu məqsədlə böyük məbləğdə kompensasiyaların nəzərdə tutulduğu könüllü işdənçıxma proqramına start verib. Oxu.Az bu barədə BILD nəşrinə istinadən xəbər verir. Məlumata görə, 2026-cı ildə ödənişlər üçün bir milyard avro nəzərdə tutulub, 2027-ci ildə isə xərclər daha da yüksək ola bilər. Kompensasiyanın məbləği əməkdaşın maaşından, yaşından və iş stajından asılıdır. Nəşrin məlumatına görə, yüksəkgəlirli bəzi təcrübəli işçilər şirkətdə çalışdıqları hər il üçün təxminən 50 000 avro ala bilərlər. Beləliklə, 12 illik stajı olan bir əməkdaş potensial olaraq 600 000 avro kompensasiyaya ümid edə bilər. Proqrama maraq o qədər yüksək olub ki, BMW-nin daxili portalı yüklənməyə tab gətirməyərək müvəqqəti olaraq sıradan çıxıb. Şirkət daxil olmuş müraciətləri emal etmək üçün yeni ərizələrin qəbulunu dayandırmalı olub. Konsern nümayəndəsi əməkdaşların böyük marağını təsdiqləsə də, ödənişlərin təfərrüatını açıqlamaqdan imtina edib. BMW 2028-ci ildən etibarən hər il təxminən bir milyard avro qənaət etməyi planlaşdırır. İxtisarların səbəbləri arasında səmərəliliyin artırılması, süni intellektin tətbiqinin genişləndirilməsi və yeni nəsil "Neue Klasse" avtomobillərinin təqdimatından sonra tərtibatçıların bir hissəsinə ehtiyacın azalması yer alır.
Mənbə
oxu.az