Kriminal
Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı
Cəlilabadda dayısı arvadı, 1999-cu il təvəllüdlü S.C.-ni xüsusi amansızlıqla qətlə yetirən 15 yaşlı A.Ə.-nin məhkəmə prosesi başa çatıb. Oxu.Az Xitab24.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, 2011-ci il təvəllüdlü A.Ə. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona cəza təyin edilərkən CM-nin 85.5-ci maddəsi (yetkinlik yaşına çatmayanlara 10 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilir) nəzərə alınıb. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək. Hadisəyə gəlincə, ittiham aktına görə, Rusiyadan Azərbaycana qayıdan yeniyetmə dayısıgildə yaşayıb və bir müddət sonra onun dayısı arvadına qarşı cinsi istəyi yaranıb. Yeniyetmə bu istəyini yalnız dayısı arvadını öldürəndən sonra həyata keçirə biləcəyini düşünüb və qadına bıçaqla çoxsaylı zərbələr endirərək onu həyatdan məhrum edib. A.Ə. qadını öldürdükdən sonra onun meyiti üzərində əxlaqsız hərəkətlər edib. Məhkəmədə qadının əri, A.Ə.-nin dayısı ifadəsində bacısı oğluna qarşı şikayətinin olmadığını, ona yüngül cəza verilməsini istəyib. İş materiallarında olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinə əsasən, yeniyetmə hadisəni törədərkən anaqlı vəziyyətdə olub, törətdiyi əməli dərk edib. Onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkarlanmayıb. Qeyd edək ki, hadisə bu ilin iyununda qeydə alınıb.
Mənbə
oxu.az