Cəmiyyət

Korrupsiya barədə məlumat verənlər mükafat alacaqlar - Qanun nə deyir?

11 Oct 2026, 05:00 2 baxış
Korrupsiya barədə məlumat verənlər mükafat alacaqlar - Qanun nə deyir?
Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi qurumun səlahiyyətlərindən qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək üçün şəxsi mənfəəti naminə istifadə etməsi hallarıdır. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlıdır. Belə ki, bununla bağlı parlamentdə yeni qanun layihəsi müzakirəyə çıxarılıb. "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsinə əsasən, sözügedən qanun pozuntusu barədə məlumat verənlər mükafat alacaqlar.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək. Məlumat təsdiqini taparsa, pul 10 gün ərzində ödəniləcək. Mükafatın məbləği müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq. Cinayət təqibi nəticəsində dövlətə ödənilən məbləğin və ya təmin edilmiş maddi ziyanın beş faizi məlumat verən şəxsə ödəniləcək. Məlumat verən şəxs, onun yaxın qohumu korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verməklə əlaqədar olaraq həlak olduqda, onun ailəsinə əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 20 000 manat məbləğində birdəfəlik müavinət ödəniləcək. Şəxsin əldə etdiyi mükafatdan gəlir vergisi tutulmayacaq. Ən vacibi isə məlumat verən şəxsin kimliyinin konfidensiallığı qorunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər