Dünya

KİV: Avropa İttifaqı ölkələri mülki vətəndaşların ölümü ilə nəticələnəcək hibrid hücuma gizli hazırlaşır

07 Oct 2026, 13:56 3 baxış
KİV: Avropa İttifaqı ölkələri mülki vətəndaşların ölümü ilə nəticələnəcək hibrid hücuma gizli hazırlaşır
Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin paytaxtları mülki vətəndaşların ölümü ilə nəticələnəcək irimiqyaslı hibrid hücuma blokun necə cavab verməli olduğuna dair gizli hazırlıqlar görür. Beş Aİ diplomatı və rəsmisinin fikrincə, bu cür ssenarinin gerçəkləşmə ehtimalı getdikcə artır. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. 27 dövlətin səfirləri arasında müzakirələr "məhdud formatda" - köməkçilər və mobil telefonlar olmadan həyata keçirilir. Avqust ayında Leypziq hava limanında partlayıcı ilə təchiz olunmuş pilotsuz uçuş aparatının aşkar edilməsindən sonra bu danışıqlar daha da intensivləşib. İki diplomatın sözlərinə görə, ötən çərşənbə günü baş tutan görüş məhz kütləvi insan tələfatı ilə nəticələnən ssenarilərə həsr olunub. İclaslarda təcili reaksiya qruplarının səfərbər edilməsi, zərərçəkmiş ölkəyə Aİ fondlarından vəsaitin ayrılması və müvafiq qurum rəhbərlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri nəzərdən keçirilir. Lakin hazırlıq prosesi zamanı müəyyən fikir ayrılıqları da ortaya çıxıb: bəzi paytaxtlar hesab edirlər ki, Aİ öz səlahiyyətləri çərçivəsindən kənara çıxaraq NATO-nun funksiyalarını təkrarlayır. Şimali Atlantika Alyansının sabiq mətbuat katibi Oana Lunqesku isə xəbərdarlıq edib ki, vəzifələrin təkrarlanması və ya qarışıqlıq qərarların qəbulunu ləngidəcək, belə vəziyyətlərdə isə zaman həmişə həlledici rol oynayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər