Mədəniyyət
Qobustanda yeddi əsrlik sirli məzar - Foto
"Diri Baba" türbəsi yeddi əsrlik tarixə malik memarlıq abidəsidir. Türbə 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahimin əmri ilə inşa edilib". Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Diri Baba" memorial kompleksinin direktoru Yusif Məmmədov deyib. O qeyd edib ki, türbə iki mərtəbədən ibarətdir: "Birinci mərtəbədə ibadətgah, ikinci mərtəbədə isə şeyxin təcrid olunaraq ibadət etdiyi güman edilən hücrəyə girişin olduğu zal yerləşir. "Diri Baba" adı vaxtilə burada təcrid olunaraq yaşayan şeyxin tarixçəsi ilə bağlıdır. Yerli rəvayətlərə görə, onun ölümündən sonra cəsədi uzun müddət çürüməyib. Məhz buna görə yerli sakinlər onu diri baba adlandırmağa başlayıblar və sonradan bu ad türbənin adına da çevrilib". Kompleksin direktorunun sözlərinə görə, "Diri Baba" əsrlər boyu səyyahların və tədqiqatçıların diqqətini cəlb edib. 1636-cı ildə alman səyyah Adam Oleari burada olub və onun qravürünü hazırlayıb. 1647-ci ildə isə məşhur Osmanlı səyyahı Övliya Çələbi "Diri Baba"ya baş çəkib və abidəni "Səyahətnamə" əsərində qeyd edib. Bu gün türbə ərazisində görülən işlərdən danışan Y.Məmmədov bildirib ki, 2022-ci ildə "Diri Baba" ərazisində rekonstruksiya işləri aparılıb və müvafiq turizm infrastrukturu yaradılıb. "Hazırda kompleksin ərazisində yenidən işlər aparılır. Bu işlər arxeoloji qazıntılar zonasını, türbənin özünü və ona bitişik ərazini əhatə edir. Konservasiya və bərpa işləri nəzərdə tutulub. İşlərin nə qədər davam edəcəyi hava şəraitindən və turistlərin ziyarətinin təşkilindən asılı olacaq. İşlər başa çatdıqdan sonra ictimaiyyəti mütləq məlumatlandıracağıq", - deyə Yusif Məmmədov qeyd edib. Kompleksin ərazisində aparılan arxeoloji tədqiqatların nəticələri barədə danışan Y.Məmmədov vurğulayıb ki, məhz burada "Diri Baba" şeyxinin dəfn edilmiş ola biləcəyi ilə bağlı versiya mövcud olub: "2022-ci ildə ehtimal edilən məzarlıq yerində arxeoloji qazıntılar aparılıb. Müsəlman adət-ənənəsinə uyğun dəfn edilmiş skelet aşkar olunub. Daha sonra antropoloji araşdırma aparılması üçün Avstriyadan mütəxəssislər dəvət edilib. Ekspertiza nəticəsində müəyyən olunub ki, aşkar edilmiş məzar Diri Babaya məxsus deyil. Bununla belə, həmin məzarın təxminən 1510-1530-cu illərdə, yəni XVI əsrdə yaşamış yerli şeyxlərdən birinin məzarı olduğu müəyyən edilib. Gələcəkdə bu məzarın üzərində türbə formasında tikilinin yaradılması planlaşdırılır".
Mənbə
oxu.az