Rusiyanın əsas hədəfi Ukraynanın ərazisi deyil - Kuleba
2026-cı ildə Rusiya qoşunlarının cəbhədə aktiv irəliləyişinin faktiki olaraq dayanmasından sonra Rusiya müharibənin yeni taktikasına keçib. Rusiya bu mərhələdə Ukraynanın arxa cəbhəsində yerləşən şəhərlərə, xüsusilə Kiyevə, çoxsaylı ballistik raketlər və reaktiv zərbə PUA-larından istifadə etməklə intensiv zərbələr endirir.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində yazıb.
“Rusiya artıq şəhərləri ələ keçirməklə və ya Ukraynanın enerji infrastrukturunu dağıtmaqla qalib gəlməyə ümid etmir. Ukraynanın bütün iqtisadiyyatını zəiflətmək və şəhər mərkəzlərini terror altında saxlayaraq əhalinin mənəvi ruhunu sındırmaq istəyir.
Bu taktikanın mahiyyəti ondan ibarətdir ki, şəhərlərdə genişmiqyaslı dağıntılar həyat şəraitini o qədər çətinləşdirəcək ki, sakinlər ölkəni tərk etməyə, bizneslər isə fəaliyyətlərini dayandırmağa və ya müəssisələrini başqa yerlərə köçürməyə məcbur olacaqlar.
Rusiyanın bütün səylərinə baxmayaraq, ukraynalılar zəifləmiş iqtisadiyyatı işlək vəziyyətdə saxlamaqda davam edirlər. Lakin “çöküşün başlayacağı həddin harada olduğunu heç kim deyə bilməz”, - o qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın əsas hədəfi Ukraynanın ərazisi və ya infrastrukturu deyil, Ukrayna xalqının və onun tərəfdaşlarının iradəsidir.