Dünya
"Flydubai" təyyarəsindəki insidentlə bağlı ABŞ araşdırmaya qoşuldu
ABŞ administrasiyasının nümayəndələri Dubaydan Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarənin göyərtəsində baş verən insidentin hallarının araşdırılması ilə bağlı xarici həmkarları ilə sıx koordinasiya aparırlar. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin ədliyyə naziri, baş prokuroru Todd Blanş mətbuat konfransında deyib. "Bu, çox yaxınlarda baş verib. Hazırda İsraildə və digər yerlərdə araşdırma davam edir. Biz xarici həmkarlarımızla sıx şəkildə koordinasiya edirik və bunu davam etdirəcəyik", - deyə o, "Flydubai" reysi ilə bağlı insidentə dair suala cavab verərkən bildirib. Bununla yanaşı, ABŞ Ədliyyə Nazirliyinin rəhbəri əlavə məlumatının olmadığını qeyd edib. ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin isə bildirib ki, Vaşinqton administrasiyasının ABŞ ərazisində sözügedən insidentlə əlaqəli hər hansı təhdid barədə məlumatı yoxdur. O, təfərrüatın araşdırıldığını və məlumatların "tezliklə, uyğun zamanda dərc olunacağına" əminliyini ifadə edib. Daha əvvəl "Flydubai"nin sərnişin təyyarəsi qaçırılma siqnalı verib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına enib. "Flydubai" şirkətinin mətbuat xidmətindən TASS-a bildirilib ki, bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir. İsrail televiziyasının 12-ci kanalının versiyasına görə, insidentə iki pilot arasında baş verən dava səbəb olub. İsrailin i24News telekanalı şahidlərə istinadən pilotlardan birinin bıçaqla yaralandığını bildirib. İsrail televiziyasının 14-cü kanalı daha sonra təyyarəni BƏƏ və Oman pilotlarının idarə etdiyini dəqiqləşdirib. Onun versiyasına görə, insidentin günahkarı Oman vətəndaşı olub - məhz onun qəsdən aviasiya qəzası törətməyə cəhd göstərdiyi ehtimal edilir. Kanalın məlumatına görə, BƏƏ vətəndaşı olan ikinci pilot buna mane olub. İsrailin müdafiə naziri İsrael Kats laynerin göyərtəsində baş verən insidenti terror aktına cəhd kimi qiymətləndirib.
Mənbə
oxu.az