İdman
Portuqaliya millisində Ronaldu şoku
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milli komandanın düşərgəsini tərk edib. Oxu.Az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. Məlumata görə, 41 yaşlı futbolçu yaxın saatlarda Madriddən şəxsi təyyarəsi ilə Səudiyyə Ərəbistanına yola düşəcək. Oktyabrın 1-də Portuqaliya UEFA Millətlər Liqasının A Liqasında III tur çərçivəsində Kopenhagendəki "Parken" stadionunda Danimarkanın qonağı olacaq. Bundan əvvəl Ronaldunun komandanın baş məşqçisi Jorji Jezuş ilə arasında hər hansı münaqişənin olmadığı bildirilsə də, futbolçunun məşqi yarımçıq tərk etdiyi qeyd olunurdu. Baş məşqçi də mətbuat konfransında hücumçunun danimarkalılarla görüşdə iştirak etməyə biləcəyini istisna etməmişdi. Kriştianu Ronaldu Millətlər Liqasının III turunda Danimarka ilə keçiriləcək oyundan əvvəl yığmanın düşərgəsini tərk etmək qərarını özü də şərh edib. Jurnalist Fabritsio Romanonun "X" sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, 41 yaşlı ulduz futbolçu açıqlamasında aşağıdakı ifadələri işlədib: "Milli komandanın baş məşqçisinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra yığmanın təlim-məşq düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı çatanda hər zaman sadiq olduğum milli komandadan ayrılmağımın səbəbləri haqqında bütün həqiqəti portuqaliyalılara danışacağam. İndi isə istisnasız olaraq Portuqaliyaya və bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdır". Qeyd edək ki, Portuqaliya millisi oktyabrın 1-də Danimarkanın qonağı olacaq. Düşərgəni tərk edən Ronaldunun tezliklə Madriddən şəxsi təyyarəsi ilə Səudiyyə Ərəbistanına yola düşəcəyi gözlənilir. Portuqaliya millisi Millətlər Liqasında artıq iki matç keçirib. Ronaldu Uelslə görüşdə (1:0) 67 dəqiqə meydanda olub və məhsuldar hərəkətlə fərqlənməyib. Norveçlə matçda (2:1) isə o, ümumiyyətlə, meydana çıxmayıb.
Mənbə
oxu.az