Dünya
Netanyahu güc strukturlarına yeni təhdidlərə hazır olmağı tapşırıb
"Flydubai" təyyarəsinin göyərtəsində baş vermiş və terror cəhdi ehtimalı araşdırılan insidentdən sonra İsrailin təhlükəsizlik xidmətlərinə yeni potensial təhdidlərə hazırlaşmaq tapşırılıb. Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. Netanyahunun sözlərinə görə, Oman vətəndaşı olan köməkçi pilot təyyarəni qəzaya uğratmaq məqsədilə digər pilota bıçaqla hücum edib və təyyarənin idarəetmə sistemlərinə müdaxilə etməyə çalışıb. Sərnişinlərdən və ekipaj üzvlərindən bir neçəsi müdaxilə edərək hücum edəni zərərsizləşdirib. Benyamin Netanyahu sərnişinlərin əksəriyyətinin israillilər olduğunu bildirib. İsrailin müdafiə naziri İsrael Kats isə hadisəni "cihadçı terror cəhdi" kimi qiymətləndirib. Bununla belə, hadisənin motivləri və terror xarakteri ilə bağlı araşdırma davam edir. Eyni zamanda, Netanyahu bütün aviaşirkətlərdən İsrailə həyata keçirilən reyslərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib. "Flydubai"nin FZ1073 saylı Dubay - Təl-Əviv reysi sentyabrın 30-da uçuş zamanı insident səbəbindən istiqamətini dəyişərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə təcili eniş edib. Hadisə zamanı təyyarə kəskin şəkildə hündürlük itirib. Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanları Oman vətəndaşı olan şübhəlini saxlayıb və onu dindirirlər. Qeyd edək ki, Benyamin Netanyahu sentyabrın 29-da İsrailin oktyabrın 27-də keçiriləcək seçkiləri ərəfəsində ölkənin düşmənlərinin hücuma cəhd göstərə biləcəyinə dair "əlamətlərin" olduğunu bildirib.
Mənbə
oxu.az