İdman
"Fənərbağça" bəzi ev oyunlarını başqa stadionda keçirəcək - SƏBƏB
"Fənərbağça" klubunun ev oyunlarını keçirdiyi "Chobani" stadionunun azarkeş tutumu irimiqyaslı layihə ilə 64 min nəfərə çatdırılacaq. Oxu.Az xəbər verir ki, klubun idarə heyətinin üzvü Nihat Özbağı İstanbul təmsilçisinin maliyyə və inzibati ümumi qurultayında arenanın yenilənməsi ilə bağlı layihənin detallarını açıqlayıb. İşlərin ümumi dəyərinin 50 milyon avro olacağı bildirilib. Layihənin 2027-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır. Nihat Özbağı bildirib ki, layihənin dəyəri klubun büdcəsinə əlavə yük yaratmadan onun tərəfindən qarşılanacaq. Tikinti işlərinə noyabr ayında başlanılması, əvvəlcə bünövrə və betonlama, daha sonra isə polad konstruksiyaların quraşdırılması nəzərdə tutulur. Layihə çərçivəsində qapı arxalarında 44 yeni loja yaradılacaq. Həmçinin stadionun damının qaldırılması və fasad işlərinin görülməsi planlaşdırılır. Bildirilib ki, tikinti işləri zamanı "Fənərbağça"nın ev oyunlarını keçirməsinə ümumilikdə maneə olmayacaq. Yalnız damın qaldırılması mərhələsində bir neçə oyunun başqa stadionda keçirilməsi ehtimalı var. Layihənin başa çatmasından sonra klubun stadiondan əldə etdiyi illik gəlirin təxminən 25 milyon avro artacağı gözlənilir.
Mənbə
oxu.az