İdman
Sabiq dünya çempionu uşaqlara qarşı zorakılığa görə 7 il həbs edildi
Snuker üzrə sabiq dünya çempionu, şotlandiyalı Qrem Dott iki uşağa qarşı cinsi zorakılıq etdiyinə görə yeddi il müddətinə həbs cəzasına məhkum edilib. Oxu.Az "Sky News" nəşrinə istinadən xəbər verir ki, bu gün Edinburq Yüksək Məhkəməsində hökm oxunub. 49 yaşlı şotlandiyalı avqust ayında yetkinlik yaşına çatmayanlara qarşı "əxlaqsız, qeyri-etik və şəhvani hərəkətlər"in iki epizodu üzrə təqsirli bilinib. O, həmçinin qeyri-müəyyən müddətə cinsi xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil edilib. Məhkəmə müəyyən edib ki, Dott 1993-1996-cı illər ərzində qız, 2006-2010-cu illərdə isə oğlan uşağına qarşı cinayətlər törədib. Cinayətlərin baş verdiyi vaxtda hər iki uşaq ibtidai məktəb yaşında olub. Qeyd edək ki, Dott dünya çempionu (2006) və dünya birinciliklərinin ikiqat finalçısı (2004, 2010) olub. Ümumdünya Peşəkar Bilyard və Snuker Assosiasiyası (WPBSA) 2025-ci ilin aprelində ittihamlar irəli sürüldükdən sonra onu yarışlardan kənarlaşdırıb. Hökm oxunduqdan sonra isə onun assosiasiyaya üzvlüyü birdəfəlik ləğv edilib və Dott snuker üzrə Şöhrət zalından çıxarılıb.
Mənbə
oxu.az