Siyasət

Terrorçuların dövlət qurumlarına inteqrasiyasının yaratdığı suallar - Yaxın Şərqdə nə baş verir?

29 Sep 2026, 17:40 4 baxış
Terrorçuların dövlət qurumlarına inteqrasiyasının yaratdığı suallar - Yaxın Şərqdə nə baş verir?
PKK-nın 2025-ci ildə silahlı mübarizəni dayandırmaq və təşkilatı buraxmaq qərarını açıqlamasından sonra xüsusi ilə Yaxın Şərqdə oxşar tendensiya vüsət almağa başladı. Bunun ardınca Suriya Demokratik Qüvvələri (SDQ) müstəqil hərbi aktor kimi fəaliyyətinə son verdiyini və Suriya dövlət strukturlarına inteqrasiyanı başa çatdırdığını açıqladı. Hazırda isə İraqdakı kürd silahlılarının (peşmərgə) da İraq ordusuna qoşulacağı ilə bağlı danışıqlar müzakirə mövzusudur. Bəs, bu proseslərin arxasında nə dayanır və nə üçün son iki ildə sürətlənməyə başlandı? Üstəlik, dövlətlər silahlı qrupları tamamilə məhv etmək əvəzinə, onları niyə öz təhlükəsizlik strukturlarına inteqrasiya etməyə üstünlük verirlər? Mövzu ilə bağlı Oxu.Az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingözün sözlərinə görə, PKK-nın özlərini buraxmasının ardınca SDQ-nin 2026-cı ilin avqustunda müstəqil hərbi struktur kimi fəaliyyətinə son verərək Suriya dövlət institutlarına birləşmələri regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmaqda olduğunu göstərir:
"İraqda isə peşmərgə qüvvələrinin vahid komandanlıq strukturunda birləşdirilməsi və İraqın mərkəzi təhlükəsizlik qurumları ilə koordinasiyanın artırılması ümumi tendensiyanın fərqli nümunəsidir. Bu proseslərin xüsusilə 2025-2026-cı illər ərzində sürətlənməsi də təsadüfi deyil. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi bu ölkədə güc balansını köklü şəkildə dəyişdirdi və dövlət hakimiyyətinin yenidən bərpası ön plana çıxdı. Türkiyə də ilk gündən Suriyanın ərazi bütövlüyünü, unitar quruluşunu və dövlət xaricində fəaliyyət göstərən silahlı strukturların aradan qaldırılmasını əsas təhlükəsizlik prioritetləri sırasında görüb. Ankara 2026-cı ilin yanvarında elan edilən SDQ-Dəməşq inteqrasiya sazişini Suriyanın ərazi bütövlüyü və birliyi baxımından müsbət inkişaf kimi qiymətləndirib". Müsahibimiz əlavə edib ki, dövlətlərin silahlı qrupları hərbi yolla tamamilə məhv etmək əvəzinə, onları nəzarətli şəkildə təhlükəsizlik sisteminə daxil etməsinin əsas səbəbi isə xərc və sabitlik hesablamasıdır: "Minlərlə silahlı şəxsin birdən-birə zərərsizləşdirilməsi yeni toqquşmalar, təhlükəsizlik boşluqları və radikallaşma yarada bilər. Bunun əksinə olaraq ağır silahların dövlətə təhvil verilməsi, komanda-idarəetmənin mərkəzləşdirilməsi və uyğun şəxsi heyətin rəsmi təhlükəsizlik qurumlarına qəbul edilməsi "dövlət daxilində silahlı struktur" modelindən "dövlətin nəzarətində olan təhlükəsizlik qüvvəsi" formasına keçid deməkdir. Lakin real inteqrasiyadan danışmaq üçün ayrıca komandanlığın, ayrıca maliyyələşmənin və müstəqil silahlı potensialın da sona çatması lazımdır". "Türkiyənin uzun illər terrorla mübarizəsində gəlinən son mərhələ PKK-nın silahı yerə qoyub, özünü ləğv etmək qərarı ilə birlikdə mübarizənin yalnız Türkiyə sərhədləri daxilində deyil, İraq və Suriyada da dövlət hakimiyyətinin gücləndirilməsi və dövlət xaricində fəaliyyət göstərən silahlı strukturların aradan qaldırılması xəttində regional təhlükəsizlik prosesidir", - deyə ekspert vurğulayıb. Türkmən tədqiqatçı Muxtar Fatih Beydili isə Oxu.Az-a açıqlamasında son 2 ildə baş verənləri Yaxın Şərqdə proksi müharibələr dövrünün dalana dirənməsi kimi səciyyələndirib:
"Türkiyənin illərdir qətiyyətlə həyata keçirdiyi əməliyyatları və texnoloji üstünlüyü bu strukturların fəaliyyətlərini davam etdirməsini mümkünsüz hala gətirdi. Artıq bu proses həm hərbi, həm də siyasi baxımdan dalana dirənmişdi. Onların arxasında dayanan xarici güclərin artıq öz daxili böhranları ilə məşğul olması, büdcə məhdudiyyətləri və prioritetlərini başqa regionlara yönəltməsi bu strukturları tək qoydu. Xarici dəstəkləri yoxa çıxdıqca, dayaqları sarsıldıqca bu terror qrupları tükəndiklərini anladılar". "Bir strukturu sıfırdan tamamilə məhv etmək bəzən çox qanlı və uzunmüddətli prosesdir. Lakin onları nəzarət altına alaraq, silahlarını dövlətə təhvil vermələrini təmin etmək, hüquqi müstəviyə gətirmək gələcək təhlükəsizliyə zəmin yaradır və onlara nəzarəti gücləndirir. Bu baxımdan, əsl sınaq qarşıdadır. İnteqrasiyaya razılaşan bu strukturların həqiqətən dövlətin konstitusion quruluşuna sadiq qalıb-qalmayacağı, yoxsa görkəmini dəyişərək dövlət daxilində də fəaliyyətlərini davam etdirəcəyi kritik sual olaraq qalır. Buna baxmayaraq, bizim üçün yeganə tərəf dövlət hakimiyyətidir. Hüdudlarımızdan kənarda bizə yönələn heç bir qeyri-rəsmi silahlı struktura, muxtar əraziyə və ya təhdidə əsla icazə verilə bilməz. Bu prosesin yeganə qəbul edilən nəticəsi terrorun kökünün tamamilə kəsilməsi və tam dövlət hakimiyyətinin bərqərar edilməsidir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Terrorçuların dövlət qurumlarına inteqrasiyasının yaratdığı suallar - Yaxın Şərqdə nə baş verir? Terrorçuların dövlət qurumlarına inteqrasiyasının yaratdığı suallar - Yaxın Şərqdə nə baş verir? Terrorçuların dövlət qurumlarına inteqrasiyasının yaratdığı suallar - Yaxın Şərqdə nə baş verir? Terrorçuların dövlət qurumlarına inteqrasiyasının yaratdığı suallar - Yaxın Şərqdə nə baş verir?
Mənbə oxu.az

Oxşar Xəbərlər