Siyasət
Ceyhun Bayramov BMT-də Azərbaycanın regional rolundan danışdı - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qlobal İnkişaf Təşəbbüsünün beşinci ildönümünə həsr olunmuş yüksəksəviyyəli görüşdə çıxış edib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib. Nazir çıxışında Çinin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə yönəlmiş bu mühüm çərçivənin inkişaf etdirilməsində rolunu yüksək qiymətləndirib. Ceyhun Bayramov Prezident İlham Əliyevin Pekinə tarixi dövlət səfərindən sonra Azərbaycan və Çin arasında qurulan hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Nazir suveren bərabərlik, BMT Nizamnaməsinə hörmət və beynəlxalq hüququn aliliyinə əsaslanan beynəlxalq sistemin islahatı ilə bağlı Çinin mövqeyini alqışlayıb. Ceyhun Bayramov Azərbaycanın etibarlı regional tranzit qovşağı kimi praktiki rolunu, Çin və Avropa arasında təhlükəsiz ticarət əlaqələri yaratmaq, inkişaf etməkdə olan ölkələr üçün ticarət xərclərini azaltmaq və bazarlara çıxışı genişləndirmək məqsədilə Orta Dəhlizin davamlı modernləşdirilməsini qeyd edib. Nazir Azərbaycanın Cənub-Cənub həmrəyliyinin inkişaf etdirilməsinə və praktiki alətlərin, texnologiyaların və resursların bölüşdürülməsi üçün səmərəli əməkdaşlıq mexanizmlərinin həyata keçirilməsinə sadiqliyini bir daha təsdiqləyib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az