Siyasət
Ceyhun Bayramov ABŞ şirkətləri ilə əməkdaşlığın əsas istiqamətlərini AÇIQLADI - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının təşkil etdiyi icraçı dəyirmi masada iştirak edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ABŞ-nin aparıcı şirkətlərinin rəhbərləri və əsas şirkətlərin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ildə keçirilmiş Vaşinqton sammitindən sonra Azərbaycanla ABŞ arasındakı strateji tərəfdaşlıq məsələləri önə çıxarılıb. Əsas sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd edilib. Nazir çıxışında iştirakçılara Azərbaycanın xarici siyasət prioritetləri, müstəqilliyini bərpa etdikdən sonra atdığı addımlar və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasları barədə məlumat verib. O, iqtisadiyyat, enerji, ticarət, rəqəmsal transformasiya, süni intellekt, bağlantı və qarşılıqlı maraq doğuran digər sahələrdə Azərbaycan-ABŞ əməkdaşlığının əsas strateji istiqamətlərindən, həmçinin regional proseslərdən və Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb. C.Bayramov 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi və paraflanmış sülh sazişindən sonra regional normallaşma prosesi çərçivəsində həyata keçirilən praktiki etimad quruculuğu tədbirlərinə, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılmasına və Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanmasına diqqət çəkib. Regional bağlantı, ticarət və iqtisadi inteqrasiyanın gücləndirilməsi ilə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsində TRIPP marşrutunun əhəmiyyətini vurğulayan nazir Rəqəmsal İpək Yolu ilə yanaşı, Orta Dəhliz vasitəsilə Azərbaycanın regional qovşaq kimi strateji bağlantı rolundan bəhs edib. C.Bayramov 10-dan çox imzalanmış saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyinin təmin edildiyi ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqundan sonra ticarət, enerji, süni intellekt və bağlantı üzrə birgə işçi qruplarının fəaliyyətə başlamasına diqqət çəkib. Nazir ABŞ şirkətləri ilə tərəfdaşlıqlar da daxil olmaqla, enerji sahəsində əldə olunan strateji nəticələri də qeyd edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az