Dünya
Pakistanda əldə olunan ABŞ-İran razılaşması pozulub?
ABŞ-nin dövlət katibi Marko Rubio aprel ayında Pakistanda keçirilən və vitse-prezident Cey Di Vensin də qatıldığı danışıqlarda İranla bağlı razılaşmadan imtina etmək qərarı verib. Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb. Bildirilib ki, plan üzrə müzakirələrin gedişində ABŞ təmsilçiləri Tehranın imzalanacağı ehtimal olunan yekun müqavilənin şərtlərini dəyişməyə cəhd etdiyi qənaətinə gəliblər. Görüşlərarası fasilədə onlar növbəti fəaliyyətlərinə dair göstəriş almaq məqsədilə Rubio ilə telefon əlaqəsi yaradıblar. Dövlət katibi İranın təklifinin qəbuledilməz olduğunu və müqavilənin imzalanmayacağını vurğulayıb. Telekanalın məlumatında qeyd olunur ki, Rubio İranla aparılan danışıqlarda əsas sima deyil və bu sevilməyən müharibənin davam etdiyi müddətdə ön planda olmamağa çalışır. Bununla belə, "NBC News" qeyd edir ki, dövlət katibi pərdəarxası danışıqlar prosesində mühüm fiqur olaraq qalır və ABŞ rəhbərliyinin strategiyasının müəyyənləşməsində yaxından iştirak edir.
Mənbə
oxu.az