Dünya
Ermənistanda keçmiş baş nazirin qardaşı saxlanıldı
Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu faktı ölkənin Antikorrupsiya Komitəsi də təsdiq edib. G.Abramyan vəzifə səlahiyyətlərini aşma və bu qanunsuzluğa şərait yaratma maddələri üzrə açılmış cinayət işi əsasında tutulub. Bununla yanaşı, Abramyana qarşı vəzifə saxtakarlığı və saxta sənədlərin dövriyyəsi ilə bağlı da ittihamlar irəli sürülür. Bir müddət öncə Ermənistanın Antikorrupsiya Məhkəməsi Genrik Abramyan və Ovik Abramyanın iki kürəkəninə məxsus, qeyri-qanuni yolla əldə edildiyi güman olunan əmlakların müsadirəsi barədə iddianı icraata götürüb. Qeyd edək ki, burada 20-dən artıq daşınmaz əmlak obyektindən bəhs olunur. Xatırladaq ki, Genrik Abramyanın adı keçmişdə də müxtəlif cinayət işlərində hallanıb. O, 2018-ci ildə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinərək saxlanılmışdı. 2025-ci ildə isə vergiləri ödəməkdən boyun qaçırmaqda günahlandırılıb.
Mənbə
oxu.az