Dünya

Anomal istilər Avropanı sınağa çəkir: Ərzaq qıtlığı yaranıb

17 Sep 2026, 14:55 5 baxış
Anomal istilər Avropanı sınağa çəkir: Ərzaq qıtlığı yaranıb
Anomal istilər nəticəsində Avropada kartof qıtlığı yaranıb. Bu vəziyyət həm qiymətlərin artmasına, həm də kartof-fri porsiyalarının kiçilməsinə səbəb ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. "Energy and Climate Intelligence Unit" təşkilatının analitiklərinin hesablamalarına görə, ekstremal hava şəraiti 400-620 milyon avro dəyərində olan təxminən 3.1 milyon ton məhsulu məhv edib. Eyni zamanda, 2025-ci ilin rekord məhsul yığımından sonra yaranan məhsul bolluğunun qiymətləri ucuzlaşdırması və fermerləri əkin sahələrini azaltmağa məcbur etməsi səbəbindən əlavə olaraq 3.6 milyon ton kartof əkilməyib. Almaniya, Fransa, Belçika və Niderlandda bu il kartof istehsalının həcmi ötən ilki 27.3 milyon tonluq rekord göstəricidən 19.5-20.5 milyon tonadək azala bilər. "Əgər proqnozlar özünü doğruldarsa, biz cəmi bir il ərzində rekord maksimumdan rekord minimuma enmiş oluruq", - deyə "Expana" şirkətinin analitiki Kreyq Elliott bildirib. İsti hava xüsusilə Fransaya ağır zərbə vurub. Bəzi bölgələrdə məhsuldarlıq təxminən 20% azalıb, çıxarılan kartofun böyük hissəsi isə emal üçün həddindən artıq xırda olub. İstehsalçılar artıq kartofun ölçüsü ilə bağlı tələbləri yumşaltmağa başlayıblar. Yaranmış qıtlıq qiymətlərlə bağlı vəziyyəti də kəskin şəkildə dəyişib. Avropanın bəzi hissələrində emal üçün nəzərdə tutulan yeni məhsulun bir tonu ötən il 30 avro olduğu halda indi 250 avroya satılır. Fransada isə sentyabrın əvvəlinə ərzaq kartofunun bir tonunun qiyməti 310 avrodan 520 avroya qədər yüksəlib. Ekspertlərin rəylərinə əsasən, əvvəlki məhsulun ehtiyatları təxminən Milad bayramına qədər kifayət etməlidir. Lakin Pasxa bayramı ərəfəsində kartof çatışmazlığının fəsadları Avropa mağazalarının rəflərində artıq nəzərə çarpacaq dərəcədə hiss oluna bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər