Dünya
Gürcüstan İranla hava əlaqəsini dayandırdı
Gürcüstan beynəlxalq sanksiyalar rejiminə uyğun hərəkət edərək İranla hava əlaqəsini dayandırır. Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze məlumat verib. Gürcüstan tərəfi bu addımı ABŞ-nin İran hava yolu şirkətlərinə, eləcə də Gürcüstana uçuşlar həyata keçirən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq atıb. "Müvafiq sanksiyalar tətbiq edilib. Gürcüstan konkret institutlar və dövlətlər tərəfindən tətbiq olunan sanksiya rejimlərini hər zaman nəzərə aldığı üçün, İqtisadiyyat Nazirliyinin də bildirdiyi kimi, biz də müvafiq qərar qəbul etdik. Biz sanksiya rejiminə diqqət yetiririk", - deyə Kobaxidze bildirib. Hökumət başçısı vurğulayıb ki, Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmək niyyətində deyil. O, belə bir addımı absurd və yanlış adlandırıb. Ölkənin Mülki Aviasiya İdarəsi də sentyabrın 10-da beynəlxalq sanksiyalar rejiminə tam uyğun fəaliyyət göstərəcəyini təsdiqləmişdi. Sentyabrın 8-də ABŞ-nin Maliyyə Nazirliyi yeni məhdudiyyətlər elan edib. Qərara əsasən, 27 İran aviaşirkəti sanksiya siyahısına daxil edilib. Qeyd edək ki, "Qeshm Air", "Varesh Airlines", "Sepehran Airlines" və "Fly Kish Airlines" şirkətləri Tbilisi və Batumiyə reyslər həyata keçirirdi.
Mənbə
oxu.az