Şou biznes
Kardaşyana bir avro təzminat verdilər
Paris məhkəməsi 2016-cı ildə baş vermiş silahlı qarət işi ilə əlaqədar Kim Kardaşyana 1 avro (təxminən 2 manat - red.) məbləğində simvolik təzminat ödənilməsi barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məhkəmə iddiası Kardaşyanı bağlayaraq onun zinət əşyalarını oğurlayan və artıq məhkum olunmuş bir neçə hücumçuya qarşı qaldırılıb. O, məhkəmədəki ifadəsində qarət zamanı öldürüləcəyinə əmin olduğunu bildirib. Yaşadığı qorxuya baxmayaraq, o, cinayətin əsas təşkilatçısı "Qoca Ömər" ləqəbli 69 yaşlı Aomar Ayt Kedaşa onu bağışladığını söyləyib. Xatırladaq ki, 2016-cı ilin oktyabrında silahlı şəxslər Kardaşyanın Parisdə qaldığı hotel otağına basqın ediblər. Məşhuru bağlayan cinayətkarlar təxminən 10 milyon avro dəyərində ləl-cəvahiratı aparıblar. Oğurlanmış əşyaları indiyədək tapmaq mümkün olmayıb. İstintaqın məlumatına görə, dəstəyə Kedaş rəhbərlik edib. Basqında ondan başqa cinayət keçmişi olan ondan çox yaşlı şəxs iştirak edib. Onlardan biri artıq həyatda yoxdur. Digər təqsirləndirilən, 80 yaşlı Pyer Buiner isə altsheymer xəstəliyindən əziyyət çəkdiyi üçün məhkəmə prosesinə qatıla bilməyib.
Mənbə
oxu.az