Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri, nə qədər qəribə də olsa, Ermənistanda “ciddi narahatlıq” doğurub. Erməni mediasında və sosial şəbəkələrdə diplomatlar bu səfərə görə əsassız olaraq hədəfə alınırlar.
Bu sözləri Axar.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.
S.Əsədli erməni mətbuatının iddiasının anlaşılmaz, o cümlədən cəfəng olduğunu bildirib:
“Anlaşılmazdır ona görə ki, diplomatlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərinə səfər ediblər. Bütün dünya, o cümlədən Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu halda Azərbaycanın daxilində hər hansı səfər və fəaliyyət niyə erməni mediasında “narahatlıq” doğurmalıdır?
Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərlərinə etiraz edilməsi Ermənistan cəmiyyətində revanşist düşüncələrin hələ də mövcud olduğunu və ya bu düşüncələrin təbliğ edildiyini göstərməklə yanaşı, sülh gündəliyinə də kölgə salır”.
S.Əsədlinin sözlərinə görə, Ermənistanda gedən son proseslər rəsmi İrəvanın bölgədə sülhün bərqərar olunması istiqamətində apardığı siyasətin qeyri-səmimi və ziddiyyətli olduğunu nümayiş etdirir:
“Bu, bir daha onu göstərir ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində və 2023-cü ilin bir günlük lokal antiterror tədbirlərində uğradığı hərbi-siyasi məğlubiyyət fonunda məcburiyyət qarşısında sülhə yönəlib. Bu baxımdan, gərginlik yaradan və sülh əleyhinə yönələn bir çox radikal paylaşımlar, məqalələr və çağırışlar təsadüfi deyil. Onlar məhz hakim Mülki Müqavilə Partiyasına yaxınlığı ilə seçilən resurslarda və mediada tirajlanır. Bu da bir daha sübut edir ki, İrəvan rəsmi şəkildə sülhə hazır olduğunu bəyan etsə də, daxildə revanşist əhval-ruhiyyəni qidalandırır və ikiüzlü siyasət yürüdür.
Ermənistan cəmiyyəti nəhayət anlamalıdır ki, Azərbaycanın regionda yaratdığı reallıqları nə revanşist çağırışlarla, nə siyasi manipulyasiyalarla, nə də sosial şəbəkələrdə aparılan kampaniyalarla dəyişmək mümkündür. Azərbaycan öz gücü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycanın müasir tarixinin bu qürurverici səhifələrini dəyişmək, yalanları həqiqət kimi qəbul etdirmək mümkünsüzdür”.
S.Əsədli onu da əlavə edib ki, bu səfərdə erməniləri narahat edəcək yalnız bir məsələ ola bilər:
“Ermənilər 30 il müddətində işğalda saxladıqları torpaqlarımızda necə vandalizm aktı həyata keçirdikləri, o cümlədən uydurduqları saxta tarixin ifşasından narahat olmalıdırlar. “Qədim əlyazma” kimi şüşə altında saxladıqları kitabın əslində boş vərəqlərdən ibarət olduğunun ifşasından sonra normal xalq məhz bu utancı müzakirəyə çıxarar, bu rüsvayçı fakta görə kimin məsuliyyət daşıdığını müəyyən edər və saxta “tarixi qədimlik”dən əl çəkmək barədə düşünərdi. Ancaq əlbəttə ki, söhbət normal düşüncə sahibi olan xalqlardan gedir”.