Mədəniyyət

Filmdən sonra: Payızı hiss etdirən səkkiz ekran işi

11 Sep 2026, 15:00 3 baxış
Filmdən sonra: Payızı hiss etdirən səkkiz ekran işi
Turanə Hüseynli yazır... Mənim üçün ilin başlanğıcı yanvar deyil, sentyabr ayıdır. Avqustun son günləri yay kimi isti keçsə də, havada artıq başqa bir qoxu duyulur: haradasa uzaqdan gələn, gözlə görünməyən, amma hər kəsin hiss etdiyi bir yenilik qoxusu. Bu qoxu mənə həmişə eyni şeyləri xatırladır: təzəcə alınmış çantanın; hələ heç kimin ayağına öyrəşməmiş ayaqqabının iyini; ilk dərs münasibətilə bişirilən tortun mətbəxi bürüyən şirin buxarını; bütün qohumların bir həyətdə toplaşdığı, samovarın fiti ilə yanaşı gülüşlərin də səmaya qalxdığı o isti sentyabr axşamlarını… Bəlkə də ona görə sentyabr mənim başlanğıcdır. Yay yekunlaşır, amma payız hər dəfə yeni bir səhifə açır. Kino da elə bu hissləri duymaq üçündür. Ekranda ən çox danışan, ən dərin, ən "yetkin" hekayələr çox vaxt elə payızda baş verir: ilk məhəbbətdən çox, itirilmiş məhəbbətdən; sadəcə başlanğıcdan çox, yenidən başlamaqdan; gənclikdən çox, gəncliyin arxada qalan izindən. Bu dəfə mən sizin üçün elə filmlər seçdim ki, onların hər birində payız təkcə fon deyil, demək olar ki, bir obrazdır. Bəzisində Nyu-York yarpaqları qızılı-narıncı rəngə boyayır, bəzisində isə payız sadəcə bir hiss, bir gecikmiş peşmançılıq kimi yaşanır. Amma hamısı bizə eyni şeyi xatırladır: bəzi mövsümlər sadəcə hava dəyişikliyi deyil, ürəyin özünün vəziyyətidir. Gəlin, səyahətimizə elə adından başlayan filmlə başlayaq. "Autumn in New York" ("Nyu-Yorkda payız") yayın deyil, məhz payızın filmidir. Adından tutmuş, hər kadrına qədər. Uilyam (Riçard Ger) və Şarlottanın (Uinona Rayder) hekayəsi yaş fərqinə, vaxtın azlığına və gec gələn sevginin acılığına baxmayaraq, inadla irəliləyir. Mərkəzi Parkın qızılı yarpaqları, Manhettenin işıqları və sevginin hər anını dəyərli etmək istəyi. Bu film bizə xatırladır ki, bəzən ən gözəl hekayələr elə bitməyə məhkum olduqları üçün bu qədər dərindən yaşanır və xatırlanır. Bu, vaxtın hər kəs üçün bərabər axmadığını göstərən, kövrək və bir az da ağrılı bir sevgi filmidir. "Dead Poets Society" ("Ölü şairlər cəmiyyəti") isə tamam başqa cür payız təqdim edir: məktəb koridorlarının soyuqluğu, günəşin ağac budaqları arasından süzülən işığı və gənc ürəklərin "Carpe diem" nidası ilə oyanması. Robin Uilyamsın canlandırdığı müəllim Con Keytinq oğlanlara təkcə poeziyanı deyil, öz səslərini tapmağı öyrədir. Piter Uirin bu filmi göstərir ki, azadlıq bəzən bir sətir şeirdə, bəzən isə partanın üstünə çıxıb dünyaya fərqli bir bucaqdan baxmaqda gizlənir. Filmin sonu ürək ağrıdıcı olsa da, məhz bu ağrı bizə ən vacib sualı verir: öz həyatımızı yaşayırıqmı, yoxsa başqalarının bizdən gözlədiyi həyatı? "Mermaids" ("Su pəriləri") ailə, böyümə və "normal" olmağın nə demək olduğunu sual altına qoyan, isti işıqlı və bir az da qəribə bir payız dramasıdır. Şer və gənc Vinona Rayderin canlandırdığı ana-qız münasibətinin mərkəzində olduğu bu film göstərir ki, hər ailə öz qaydaları ilə yaşasa da, sevgi hər zaman ən qəribə formalarda belə özünü göstərə bilir. Filmin rəngləri, geyimləri və musiqisi 60-cı illərin nostalji ab-havasını yaradan çox səmimi bir mühit bəxş edir. "You've Got Mail" ("Sizə məktub var") isə payız Nyu-Yorkunu bəlkə də kinoda ən romantik şəkildə göstərən filmlərdən biridir. Kitab dükanları, buxarlanan qəhvə fincanları və hələ e-poçtun yeni bir sirr kimi qəbul edildiyi vaxtlar... Meq Rayan və Tom Hanksin (Tom Henks) canlandırdığı personajlar real həyatda rəqib, ekranda isə anonim məktublar vasitəsilə bir-birinə bağlanan iki ruh kimi görünür. Nora Efronun bu işi bizə xatırladır ki, bəzən ən gözlənilməz yerdə - hətta düşmən saydığımız insanda - taleyimiz gizlənə bilər. Film boyunca hiss olunan payız işığı və kitab qoxusu, sanki ekranın özündən bizə də ötürülür. "The Lake House" ("Göl evi") zamanın özünü mövzuya çevirən, melanxolik və bir qədər sirli bir sevgi hekayəsidir. Kianu Rivz və Sandra Bullokun fərqli illərdə yaşayan personajları bir poçt qutusu vasitəsilə bir-birinə məktub yazır və beləcə, mümkün olmayan bir sevgi mümkün olur. Bu film göstərir ki, əsl bağlılıq vaxtın da, məsafənin də üstündən keçə bilər. Gölün üzərindəki ev, sakit sular və payızın rəngləri filmin melanxolik notunu daha da dərinləşdirir. "Mystic Pizza" ("Mistik pizza") filmi gənclik, dostluq və böyüməyin ilk addımlarını sadə, səmimi bir hekayə ilə izləyiciyə çatdırır. Üç gənc qızın kiçik bir pizzeriyada işləməsi ilə başlayan hekayə, əslində, onların həyatlarının böyük dönüş nöqtəsinə çevrilir. Culiya Robertsin karyerasının ilk illərində çəkildiyi bu film sadəliyi ilə bizə xatırladır ki, ən böyük dəyişikliklər çox vaxt ən adi yerlərdə başlayır. Siyahını payızın ən "şəhər" filmi ilə bağlayım: "When Harry Met Sally" ("Harri Salliyə rast gələndə"). Billi Kristal və Meq Rayanın canlandırdığı Harri və Salli illər boyu dost olaraq qalmağa çalışsalar da, filmin sonunda ən yaxın dostluğun necə sevgiyə çevrildiyini görürük. Nyu-Yorkun payız küçələri, Mərkəzi Parkın sarı yarpaqları bu iki insanın illər ərzində keçdiyi yolun səssiz şahidinə çevrilir. Rob Raynerın bu klassik komediyası göstərir ki, sevgi həmişə ildırım kimi çaxmır, bəzən illərlə yanımızda dayanıb, biz onu tanıyana qədər gözləyir. Bu siyahıdakı filmləri birləşdirən təkcə payız mövsümü deyil, onların hər birinin fərqli bir dildə danışmasıdır. Bu filmləri payız mövsümü boyunca ardıcıl izləsəniz, sanki eyni mövsümü yeddi fərqli ürəkdən keçərək yenidən yaşamış olacaqsınız.
Mənbə oxu.az

Oxşar Xəbərlər