Digər
"PAŞA Real Estate Qrup" və "Marriott International" Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı
"PAŞA Real Estate Qrup" və "Marriott International, Inc." bu həftə Azərbaycan və Gürcüstan ərazisində üç yeni hotel və yaşayış kompleksinin istifadəyə verilməsi barədə müqavilə imzaladıqlarını elan etdilər. Planlaşdırılan layihələr Bakıda, Zuğulba çimərliyinin sahilində "The Ritz-Carlton" brendi altında lüks hotel və rezidensiyalar, həmçinin "The Ritz-Carlton Residences, Baku" yaşayış binasının genişləndirilməsini əhatə edir. Eyni zamanda müqaviləyə Tbilisidə "Le Méridien" hotelinin əlavə olunması ehtimalı da daxildir. Yeni layihələrin imza mərasimi Bakıda, "The Ritz-Carlton, Baku" hotelində "PAŞA Real Estate Qrup"un baş icraçı direktoru Özgür Geter, "Marriott International" şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Nil Cons (Neal Jones), həmçinin hər iki təşkilatın digər yüksək vəzifəli rəhbər şəxslərinin iştirakı ilə baş tutub. "Şirkət olaraq əsas məqsədimiz, Azərbaycanın və regionun uzunmüddətli inkişafına və cəlbediciliyinə töhfə verən yeni layihələr yaratmaqdır. Bu layihələr, cəmiyyətimiz, tərəfdaşlarımız və digər maraqlı tərəflər üçün davamlı dəyər yaratmaq vizyonumuzu əks etdirir. İstehlakçıların yüksələn standartlarına cavab verən, dünya səviyyəli hotel biznesi və qüsursuz həyat təcrübəsi təqdim etmək üçün mühüm addım atırıq. Bizim "Marriott" ilə əməkdaşlığımız mükəmməllik, innovasiya və qonaqlarımız üçün unudulmaz anlar yaratmaq üzərində qurulub. Odur ki, dünyanın ən tanınmış brendlərindən biri ilə müstəsna layihələr təqdim edərək bu əməkdaşlığı genişləndirməkdən qürur duyuruq", - deyə "PAŞA Real Estate Qrup"un baş icraçı direktoru Özgür Geter bildirib. "Marriott International"ın Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Nil Cons qeyd edib ki, "Şərqi Avropa və Qafqaz "Marriott" üçün yüksək potensialı olan bir zona kimi dəyərlidir: "Çünki region artan səyahət tələbatı, inkişaf edən hotel biznesi infrastrukturu və qlobal səviyyədə tanınan brendlərə güclü istehlakçı və sahibkar marağı ilə seçilir. Bu müqavilələr həm bütün regionda müşahidə etdiyimiz dinamikanı, həm də müxtəlif səyahətçiləri və səyahət məqsədlərini əhatə edən çeşidli brend portfelimizi genişləndirmək strategiyamızı nümayiş etdirir. Eyni zamanda, bu addımlar premium həyat tərzi və lüks həyata artan tələbatı ödəmək vizyonumuzun bir parçasıdır. Biz bu dinamik bazarda daha dərindən iştirak etdikcə, "PAŞA Real Estate" ilə əməkdaşlığımızın genişlənməsini səbirsizliklə gözləyirik". "The Ritz-Carlton Baku, Zagulba" və "The Ritz-Carlton Residences, Baku, Zagulba" Xəzər sahilində, Bakının şimal hissəsində yerləşən məşhur Bilgəh çimərliyində "The Ritz-Carlton" brendinə məxsus zərif dizayn və əfsanəvi xidmət anlayışının təqdim olunacağı gözlənilir. Kompleksin dəniz kənarında rahat və zərif istirahət üçün nəzərdə tutulmuş 80 otel otağında ibarət olması planlaşdırılır. Kompleksin infrastrukturuna həmçinin spa-salon, qapalı üzgüçülük hovuzu, müasir fitnes mərkəzi, bir neçə restoran, çimərlik klubu və "The Ritz-Carlton Club Lounge" daxil olacaq. Eyni zamanda, layihədə həyatın hər anını yeni mərhələyə yüksəldən, 282 lüks rezidensiya və villalardan ibarət "The Ritz-Carlton Residences, Baku, Zagulba" yaşayış binasının olması gözlənilir. Yaşayış layihəsinə klabhaus, fitnes mərkəzi, üzgüçülük hovuzu, uşaq klubu, kinoteatr və çimərliyə birbaşa çıxış kimi xüsusi imkanlar daxildir. "The Ritz-Carlton Residences, Baku" layihəsinin genişləndirilməsi 2023-cü ildə "The Ritz-Carlton Residences, Baku" layihəsinin uğurlu təqdimatından sonra, "PAŞA Real Estate Qrup" mövcud ərazidə 238 əlavə lüks rezidensiyanın, eləcə də lounj, fitnes mərkəzi və üzgüçülük hovuzu kimi xüsusi imkanların yer alacağı yeni bir bina inşa etməyi planlaşdırır. "Le Méridien Tbilisi" "Le Méridien" Gürcüstan üzrə portfelini böyütməyi hədəfləyir. Bu çərçivədə Tbilisinin mərkəzində yerləşən, şəhərin dinamik və sürətlə inkişaf edən ərazilərindən biri sayılan Çuqureti rayonunda yeni hotelin açılması nəzərdə tutulur. "Le Méridien Tbilisi" brendin ənənəvi lobbi anlayışını müasir şəkildə təqdim edən "Le Méridien Hub" kimi xüsusi konseptual məkanlarını və proqramlarını, eləcə də mükəmməl həyatdan zövq almaq fəlsəfəsini nümayiş etdirəcək. Hotel 152 müasir qonaq otağı, müxtəlif restoranlar, fitnes mərkəzi, tədbir və görüş zalları ilə təchiz olunacaq. Yenicə imzalanmış bu layihələr "PAŞA Real Estate Qrup" ilə "Marriott International" arasındakı mövcud tərəfdaşlığı daha da möhkəmləndirir. Hazırda bu əməkdaşlığa "The Ritz-Carlton, Baku", "The St. Regis Baku", "JW Marriott Absheron Baku", "Baku Marriott Hotel Boulevard", "Sheraton Baku Intourist Hotel", "Courtyard by Marriott Baku", "Pik Palace, Shahdag, Autograph Collection" və "Park Chalet, Shahdag, Autograph Collection" daxildir. "PAŞA Real Estate Qrup" haqqında "PAŞA Holding"in tərkib hissəsi olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlak sahəsində investisiya, tikinti, developer fəaliyyəti, aktivlərin idarə olunması və istismarı istiqamətlərində ixtisaslaşmışdır. Şirkətin portfelinə lüks hotellər, yüksək səviyyəli kurortlar, premium yaşayış binaları, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ kimi ölkələrdə fəaliyyət göstərən qrup, etibarlılıq, keyfiyyət və müştəriyönümlülük prinsiplərinə əsaslanaraq beynəlxalq miqyasda aktivlərinin dəyərini davamlı artırmağı və öz sahəsində standartları yüksəltməyi hədəfləyir. www.pasharealestate.az "Marriott International" şirkəti haqqında ABŞ-nin Merilend ştatının Betesda şəhərində yerləşən "Marriott International, Inc." (Nasdaq: MAR) korporasiyası, 30 iyun 2026-cı il tarixinə olan məlumata görə, 148 ölkə və ərazidə 10 000-dən çox daşınmaz əmlak obyektini əhatə edən lüks, premium, seçilmiş xidmət (select service), orta seqment (midscale), uzunmüddətli qalma və "hər şey daxil" kateqoriyalarında cəlbedici brendlər portfelini özündə birləşdirir. "Marriott" bütün dünyada hotellərin, yaşayış komplekslərinin, taymşerlərin, yaxtaların, açıq hava məkanlarının və digər yerləşdirmə növlərinin françayzinqini, idarə edilməsini və lisenziyalaşdırılmasını həyata keçirir. Şirkət yüksək qiymətləndirilən "Marriott Bonvoy®" səyahət platformasını təqdim edir. Əlavə məlumat əldə etmək üçün www.marriott.com, şirkətin ən son xəbərləri ilə tanış olmaq üçün isə www.marriottnewscenter.com saytına daxil ola bilərsiniz.
Mənbə
oxu.az