Ukrayna bu beynəlxalq quruma sərt xəbərdarlıq etdi
Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İСАО) baş katibi Xuan Karlos Salazar Qomezi Rusiya üzərindən mülki aviasiya uçuşlarını tamamilə qadağan etməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Nikolay Kalaşnik deyib.
“Ukrayna öz hava məkanını hələ 2022-ci il fevralın 24-nə keçən gecə, yəni Rusiyanın genişmiqyaslı işğalının ilk saatlarında bağlayıb. Rusiya isə təhlükəsizlik məsələlərində mövcud riskləri nəzərə almayıb.
Nəticədə bu, bir sıra aviasiya qəzasına səbəb olub:
1. 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus təyyarə Rusiyanın S-300 hava hücumundan müdafiə sistemi tərəfindən vurulub;
2. 2023-cü ildə Tver bölgəsində eyni sistem “Embraer Legacy 600” biznes təyyarəsinə zərbə endirib;
3. 2026-cı ilin martında Kolomna yaxınlığında “Alto NG” yüngül təyyarəsi “Tor” zenit-raket kompleksi tərəfindən vurulub.
Baltikyanı ölkələr və Rusiya üzərində elektron mübarizə vasitələrinin intensiv tətbiqi və GPS siqnallarının saxtalaşdırılması artıq “Ryanair”, “Wizz Air” və “Finnair” aviaşirkətlərinin on minlərlə reysinə təsir göstərib. Bu hallar aviasiyada naviqasiya qəzaları riskini artırır. Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququnu həyata keçirərək Rusiyanın terror xarakterli hava hücumlarına adekvat cavab verməyə məcburdur. Hesab edirik ki, Rusiya tərəfindən yaradılan eskalasiya fonunda mülki təyyarələrin Rusiya hava məkanında uçuş həyata keçirməsi xüsusilə ciddi risklər yaradır. Buna görə də, yuxarıda qeyd olunan təhlükə ilə bağlı xəbərdarlıq etməyi hüquqi və humanitar borcumuz hesab edirik”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya hava məkanının sentyabrın 1-dən etibarən təhlükəsiz olmayacağı xəbərdarlığı etmişdi.