Dünya
ABŞ-nin İrana yeni zərbələri: SEPAH və "Bəsic" hərbçiləri ölüblər
ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu - İranın elit hərbi bölməsi) ən azı dörd hərbçisi həlak olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə SEPAH-ın Kirmanşah əyaləti üzrə mətbuat xidmətindən məlumat verilib. Qeyd edilir ki, ölənlər SEPAH-ın Aerokosmik Qüvvələrində xidmət edirdilər. Bundan əlavə, ABŞ-nin Lavan adasına zərbələri zamanı İranın "Bəsic" hərbiləşdirilmiş qrupunun üç döyüşçüsü həlak olub. Hücum nəticəsində bir neçə "Bəsic" üzvü xəsarət alıb, lakin onların dəqiq sayı ilə bağlı məlumat verilmir. Xatırladaq ki, sentyabrın 1-də ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə zərbələr seriyasının həyata keçirildiyini bildirib. Partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Keşm adası və bir sıra şəhərlərdə baş verib. İran buna cavab olaraq ABŞ-nin BƏƏ, İordaniya, İraq və Bəhreyndəki hərbi bazalarını vurub.
Mənbə
oxu.az