Maraqlı

Filmdən sonra: "Ratatouille"

02 Sep 2026, 15:00 4 baxış
Filmdən sonra: "Ratatouille"
Turanə Hüseynli yazır... "Ratatouille" filmini ilk dəfə izləyəndə məktəbli idim. Yəqin ki, ilk dəfə idi normalda insanın instinktiv olaraq antipatiya bəslədiyi bir canlı ilə bu qədər güclü empatiya qururdum. Təbii ki, bütün bunların reallıqda mümkün olmadığını bilirik. Siçovulun yemək bişirməsi, dadları analiz etməsi, böyük bir aşpaz olmaq arzusu... Amma belə bir təxəyyül məhsulu necə izlənməyə dəyməyə bilər ki? Əmin olanda ki, bu, "siçovul cildində" içimizdə hansısa küncdə gizlənmiş, bəlkə də hələ özümüzün belə tam aşkarlamadığımız əsl istedadımızla tanış olmaq haqqında filmdir. Əmin olun, filmi bu gözlə izləmək tamam başqa bir təcrübə yaradır. "Remi"ni bir siçovul kimi yox, içinizdə gizlənmiş istedadınız kimi təsəvvür edin. "Ratatouille" filminin sehrli xəyal dünyası... Film bizə normalda mətbəxdə görsək iyrənib qovacağımız bir siçanın gözündən dünyaya baxdırır və bir müddət sonra onun arzusu bizim üçün tamamilə ciddi, hətta çox insani görünməyə başlayır. Absurdluq da məhz budur: siçan aşpaz olmaq istəyir. Reallıqda mümkünsüz və gülməli səslənən bu hekayə "Remi"ni o qədər yaxşı ifadə edir ki, bir nöqtədən sonra "siçan niyə yemək bişirir?" sualını unudub, "niyə onun istedadına imkan vermirlər?" deyə düşünürük. "Remi" üçün əsas konflikt "siçan olub aşpaz olmaq" deyil. Onun əsas konflikti dünyanın sənə kim olduğunu deməsinə baxmayaraq, sən öz içində başqa bir potensial hiss edib, onun arxasınca getmək gücü tapmasındadır. Ailəsi ona "sən siçansan, bizim kimi yaşamalısan" desə də, mətbəx dünyası ona "siçan burada ola bilməz" qaydaları qoysa da, "Remi" hər iki tərəfin qoyduğu sərhədi qəbul etmir. "Ratatouille" ən çox insanın - daha doğrusu, hər bir varlığın - ona əvvəlcədən biçilmiş kimlikdən çıxıb öz istedadının arxasınca getməsi hekayəsini çox gözəl çatdırır. "Remi"nin siçan olmasını kənara qoysaq, problemin bir canlının doğulduğu yerin ona biçdiyi kimliklə olmaq istədiyi insan - yaxud varlıq - arasındakı məsafə üzərində qurulduğunu anlaya bilərsiniz. Yəni film çox universal bir hissi absurd bir qəhrəman üzərindən danışır: "Mənim içimdə gördüyüm şeyi niyə başqaları məndə görmür?" Məncə ən gözəl tərəf odur ki, "Pixar" tamaşaçıya "Remi"yə yazığı gəlməyi yox, ona hörmət etməyi öyrədir. Biz onu "yazıq balaca siçan" kimi deyil, zövqü, ambisiyası, eqosu, istedadı və seçimləri olan bir xarakter kimi qəbul edirik. Hətta "Anton Eqo" səhnəsi mənim üçün filmin zirvəsidir. Burada məni təsirləndirən şey ratatuy yeməyinin özü deyil; bir dadın insanı uşaqlığına qaytara bilməsi, sərt və soyuq bir adamın içində gizlənmiş uşağa toxunmasıdır. Beləcə film əvvəlcə bizi bir siçanın dünyası ilə empatiya qurmağa məcbur etsə də, sonra bizə fərqli baxış bucaqları açır. Yəni əsl sənət bizi doydurmaqdan çox, insanları sosial statuslarından, peşələrindən, maskalarından çıxarıb unutduğu bir hissə - ən kövrək xatirələrinə qaytara bilir. Hansımız anamızın uşaqlıqda hazırladığı yeməkləri illər sonra dadanda eyni hissləri keçirmirik ki... "Ratatouille" elə filmlərdəndir ki, filmdən sonra insan bəlkə də nə vaxtsa bacara biləcəyinə əmin olmadığı kiçik arzuları, bacarıqları haqqında mütləq düşünür. Filmdə Şef Qustonun "Anyone can cook" ("Hər kəs yemək bişirə bilər") fikrinin mənası əslində "Hamı böyük aşpazdır" deyil. Filmin sonunda bunun cavabını özünüz anlayacaqsınız. Ümumiyyətlə, düşünürəm ki, izlədiyimiz hər ekran işi bir qədər həmin anki daxili vəziyyətimizin proyeksiyasıdır. Eyni filmi həyatımızın müxtəlif dövrlərində izləyib tamam fərqli şeylər görə bilərik. Məktəbli vaxtı mən "Ratatouille" izləyəndə arzusu olan sevimli bir siçovul görürdüm. Bu gün ona baxanda isə öz təbiətinin, ailəsinin, çevrəsinin və ona biçildiyini düşündüyü rolun içindən çıxmağa çalışan istedadlı yaradıcı ruhu. Filmdə deyildiyi kimi: "Yemək həmişə yemək bişirməyi sevənləri tapır". Bəlkə istedad da elədir. Əgər həqiqətən içimizdədirsə, nə qədər gizlətsək də, bir gün öz yolunu tapıb bizi tapır.
Mənbə oxu.az

Oxşar Xəbərlər