Dünya

Nepalın baş naziri ölkədəki dəhşətli daşqınların səbəblərini açıqladı

02 Sep 2026, 13:56 3 baxış
Nepalın baş naziri ölkədəki dəhşətli daşqınların səbəblərini açıqladı
Nepalın Baş naziri Balendra Şah ölkədə baş verən dəhşətli daşqınların əsas səbəbinin iqlim dəyişikliyi olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkə hesabında məlumat yayıb. "İqlim dəyişikliyi səbəbindən Himalay bölgəsində temperaturun 1.8 dərəcə artması sübuta yetirilib. Bu səbəbdən fəlakətin məhz sözügedən amildən qaynaqlandığına şübhə yoxdur. İqlim dəyişikliyi qlobal problemidir və onun yaratdığı fəlakətlərə qarşı mübarizə aparmaq bütün dünyanın ortaq məsuliyyətidir", - deyə baş nazir bildirib. Onun sözlərinə görə, məsləhətləşmələr aparılan mütəxəssislərin fikrincə, Rasuva bölgəsindəki Bhote-Koşi çayında baş verən daşqın Himalay zonasında qar və qaya uçqunlarının səbəb olduğu ən böyük təbii fəlakət kimi qeydə alınıb: "Bu hadisə Himalay regionunda üzləşdiyimiz təhlükələrin iqlim dəyişikliyi fonunda necə artdığını aydın şəkildə nümayiş etdirdi. Buna görə də, təkcə region daxilində məlumatlılığı artırmaq deyil, həm də qarşılaşdığımız iqlim dəyişikliyinin fəlakətli nəticələri barədə beynəlxalq ictimaiyyətə qətiyyətli mesaj vermək vaxtıdır. Qar niyə yağdı? Bu qədər böyük həcmdə su haradan gəldi? İnsan sivilizasiyası bu suallara mütləq cavab tapmalıdır". O vurğulayıb ki, buzlağın dağılması zamanı onun daxilindəki buzun əriməsi nəticəsində su və buz bir-birinə qarışa bilərdi: "Ekspertlərin rəyinə əsasən, buzlağın böyük bir hissəsinin yüksək məsafədən qopması axına nəhəng bir enerji verib. Düşdüyü yerdə kütlə əriməyə başlayıb və bu proses davam edərək dəhşətli bir daşqına çevrilib. Himalay zirvələrindən Nepala doğru enən su axını daha da güclənərək ərazini viran qoyub". Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında - Çinlə sərhəddə baş verən uçqun nəticəsində şiddətli daşqınlar qeydə alınıb. Dağ süxurları ilə qarışan axın çay yatağı boyu böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək, yaxınlıqdakı yaşayış məntəqələrini viran qoyub və geniş ərazilərin su altında qalmasına səbəb olub. Son məlumatlara görə, fəlakət nəticəsində 1 100-dən çox insan həyatını itirib. Çinin Qyironq bölgəsində isə torpaq sürüşməsi ən azı 16 nəfərin ölümünə səbəb olub, daha 546 nəfər isə itkin düşmüş sayılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər