İdman
Totti futbolu basketbola dəyişdi
Futbol üzrə İtaliya millisinin heyətində 2006-cı ilin dünya çempionu Françesko Totti "Maksima Roma" basketbol klubunun müşaviri olub. Oxu.Az bildirir ki, bu barədə o, "Instagram" səhifəsində məlumat verib. "Mən yeni stimul istəyirdim və yeni bir çağırışı qəbul edərək özümü sınamaq həvəsini hiss edirdim. Mənə təklif olunan rol və ən başlıcası layihə məni elə ilk andan inandırdı. Biz Romaya və romalılara azarkeşlik edə biləcəkləri, fəxr edəcəkləri və özlərini tapacaqları bir basketbol komandası hədiyyə etmək istəyirik", - deyə Totti yazıb. 49 yaşlı Totti klubun azarkeşlərlə işinə və sosial layihələrinə cavabdeh olacaq. Totti idman hüquqlarını "Breşiya"dan alaraq klubu Romaya köçürən italiyalı-amerikalı investor Pol Matyaşiçin layihəsinə qoşulub. Yeni komanda basketbol üzrə A Seriyası və Avrokubokda çıxış edəcək. Qeyd edək ki, Totti futbolçu kimi bütün karyerası ərzində İtaliyanın "Roma" klubunda çıxış edib və onun kapitanı olub. O, klubun heyətində 785 matç keçirib, 307 qol vurub və 205 məhsuldar ötürmə edib.
Mənbə
oxu.az