Dünya
Gec yatan insanlar hansı problemlə üzləşə bilərlər? - Mütəxəssislərdən xəbərdarlıq
Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. Oxu.Az-ın xəbərinə görə, bununla bağlı tədqiqatın nəticələri "Sleep Health" jurnalında dərc olunub. Finlandiyada keçirilən tədqiqatda 2 266 nəfər iştirak edib. Alimlər onları "torağaylar", "bayquşlar" və aralıq xronotipi olan insanlar olmaqla qruplara bölüb, daha sonra onların narahatlıq və depressiya simptomlarını, işdən sonra bərpa olunma qabiliyyətlərini və iş öhdəliklərinin boş vaxtlarına nə dərəcədə nüfuz etdiyini qiymətləndiriblər. Məlum olub ki, psixi sağlamlıqla bağlı problemlər ifrat dərəcədə axşam xronotipi olan insanlar arasında xüsusilə özünü göstərir. "Bayquşlar" işdən sonra zəif bərpa olunurdular və işlə şəxsi həyat arasında balansı qorumaqda tez-tez çətinlik çəkirdilər. Məhz kifayət qədər bərpanın olmaması və bu balansın pozulması axşam xronotipi ilə narahatlıq pozğunluqları arasındakı əlaqəni qismən izah edirdi. Müəlliflər hesab edirlər ki, axşam xronotipi olan insanlara işdən sonra tam bərpa üçün şəraitin yaradılması xüsusilə vacibdir.
Mənbə
oxu.az