Dünya
Qrenlandiyanın "buz qalxanı" sürətlə əriyir
Qrenlandiya ərazisinin təxminən 80 faizini təşkil edən buz örtüyü artıq 30-cu ildir ki, kiçilməkdə davam edir. Oxu.Az xəbər verir ki, bu barədə Danimarka və Qrenlandiyanın Milli Geoloji Xidməti (GEUS) məlumat yayıb. Alimlər ərimə prosesini "iqlim siqnalı" adlandırırlar. Buz örtüyünün kütləsində sonuncu artım 1995/96-cı illərin mövsümündə qeydə alınıb. Həmin vaxtdan etibarən kütlə ancaq azalır. Mütəxəssislərin fikrincə, bu, sadəcə qısamüddətli dəyişiklik deyil. GEUS-un son hesablamalarına əsasən, 2025/26-cı illər mövsümündə Qrenlandiyanın "buz qalxanı" təqribən 173 milyard ton, 2024/25-ci illərdə isə 130 milyard ton buz itirib. Bu rəqəmlər böyük olsa da, rekord səviyyədə deyil: 2012-ci ildə bu göstərici 458 milyard tona çatmışdı. Qlyasiologiya və iqlim şöbəsinin tədqiqatçısı Siqne Hillerup Larsen məsələni belə izah edib: "Bir ilin hava şəraitinə xeyli amillər güclü təsir göstərə bilər. Buna görə də onlar uzunmüddətli iqlim meylləri haqqında çox az məlumat verir. Məhz bu səbəbdən tədqiqatçılar iqlimlə bağlı hər hansı nəticə çıxarmaq üçün adətən 30 illik dövrü nəzərdən keçirirlər. Qrenlandiyanın "buz qalxanı" ardıcıl 30 ildir ki, kiçilir və bu, bədbin mənzərəni qəti şəkildə təsdiqləyir: qlobal istiləşmə əriməni sürətləndirir və Qrenlandiyada buz örtüyünün tədricən azalmasına gətirib çıxarır".
Mənbə
oxu.az