“Qarabağ”ın yeni transferi: “Siti” 6 milyon veribmiş...
Xəbər verildiyi kimi, “Qarabağ” klubu heyətini braziliyalı yarımmüdafiəçi Dieqo Rosa ilə gücləndirib.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisi olan Rosa Kiprin APOEL klubunda bir mövsümlük icarəyə götürülüb.
O, ötən mövsüm bu komanda ilə 35 oyunda meydana çıxıb, 3 qol vurub, 3 qolun isə ötürməsini edib.
Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın yarımmüdafiəçini transfer etmək opsiyası var. O, komandada 33 nömrəli forma ilə çıxış edəcək.
Dieqo Rosa kimdir?
Dieqo Rosa Braziliya futbolunun istedadlı yetirmələrindən hesab olunub.
Rosa futbola “Vitoriya”nın akademiyasında başlayıb, 2018-ci ildə isə “Qremio”nun aşağı yaş komandalarına keçib. Yarımmüdafiənin mərkəzində çıxış edən futbolçu 2019-cu ildə Braziliyanın U-17 millisinin heyətində dünya çempionu olub.
O, daha sonra “Mançester Siti”nin də daxil olduğu “City Football Group” sisteminə keçib. Bunun üçün klub 6 milyon avro təzminat ödəyib. Amma Rosa İngiltərədə əsas komandaya yüksələ bilməyib.
“Mançester Siti”yə məxsus olduğu müddətdə Rosa əvvəlcə Belçikanın “Lommel”, daha sonra Portuqaliyanın “Vizela” klubuna icarəyə verilib. 2023-cü ildə “Bahia” onun transfer hüquqlarını 2 milyon avroya alıb. Rosa 2024-cü ildə yenidən icarə əsasında “Lommel”ə qayıdıb. 2025-ci ildə isə Braziliyanın tanınmış klublarından “İnternasional”da icarə əsasında çıxış edib. Həmin ilin avqustunda Kiprin APOEL klubuna transfer olunub və 2028-ci ilin mayına qədər müqavilə imzalayıb.
Rosa əsasən mərkəz yarımmüdafiəçisi mövqeyində oynayır. Texnikası, topla davranışı və ötürmələrlə oyunun qurulmasında iştirakı onun əsas xüsusiyyətləri hesab olunur.