Dünya
ABŞ və Venesuela arasında neft razılaşmasının təfərrüatı açıqlanıb
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ABŞ ilə neft sahəsində əldə olunan razılaşmanın 25 il müddətində qüvvədə olacağını bildirib. Oxu.Az bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir. "Bu 25 illik ikitərəfli layihə gündə 1.5 milyon barel hasilat gücünə malik 17 strateji neft yatağının işlənməsini nəzərdə tutur", - deyə Rodriges dövlət televiziyasında yayımlanan müraciətində bildirib. O dəqiqləşdirib ki, gündəlik 1.5 milyon barel göstəricisi ilkin rəqəmdir. Çünki sonradan daha səkkiz neft yatağının işlənməsi planlaşdırılır. Onun hesablamalarına görə, layihənin reallaşdırılması neftin bir barelinin 65 dollar qiyməti əsasında Venesuelaya 209 milyard dollar gəlir gətirə bilər. Rodrigesin sözlərinə görə, satılan hər barel neftdən 19 dollar birbaşa Venesuela büdcəsinə daxil olacaq. Müvəqqəti prezident əmin edib ki, Venesuela suverenliyini və təbii resursları üzərində nəzarəti qoruyub saxlayacaq. Həmçinin sanksiyalardan zərər çəkmiş neft sektorunun modernləşdirilməsi üçün kapital, texnologiya və biliklər əldə edəcək. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela ilə tarixdəki ən böyük neft müqaviləsini bağladığını bəyan etmişdi.
Mənbə
oxu.az