Dünya
İran tankerləri "sığınacaq" axtarır: Onlarla gəmi Şri-Lanka sahillərində
İran bayrağı altında üzən ən azı 13 tanker ABŞ hərbçilərinin İran limanlarına tətbiq etdiyi blokadanı davam etdirdiyi bir vaxtda Şri-Lanka sahillərində toplaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" monitorinq resurslarının məlumatlarına istinadən yazıb. Dəniz daşımalarını izləyən "TankerTrackers" analitik şirkətinin məlumatına görə, Şri-Lankanın müstəsna iqtisadi zonasında İrana məxsus dövlət strukturlarının təxminən 20 tankeri sığınacaq tapıb. Onların hamısı boş vəziyyətdədir. Öz növbəsində, "Kpler" şirkəti bildirir ki, ABŞ-nin iyulun ortalarından etibarən blokadanı bərpa etməsindən sonra İranın əsas ixrac məntəqəsi olan Xark adasında Fars körfəzindən çıxan heç bir tanker yüklənməyib. Bununla yanaşı, Şri-Lanka və Pakistan sahillərində onlarla boş tanker toplanıb. Şri-Lankanın Limanlar Nazirliyi ölkə sahillərində İran tankerlərinin toplandığından xəbərdar olmadığını bildirib. Xarici İşlər Nazirliyi isə məlumatı şərh etməyib. ABŞ tərəfinin məlumatına görə, avqustun 24-nə olan məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasını bərpa etdiyi vaxtdan bu ölkə ilə əlaqəli 71 ticarət gəmisinin qarşısını kəsib, üç gəmini sıradan çıxarıb və daha iki gəminin göyərtəsinə çıxıb. Daha əvvəl avqust ayında ABŞ hakimiyyəti İrana qarşı əlavə iqtisadi təzyiq kampaniyasına başladığını açıqlayıb. Vaşinqton, digər tədbirlərlə yanaşı, Tehranla müəyyən ticarət əməliyyatlarını davam etdirən ölkələrə qarşı da tədbirlər görməyi planlaşdırır.
Mənbə
oxu.az