İdman
"Sabah"ın baş məşqçisindən gözlənilməz etiraf: "Bu gün alkoqol qəbul edəcəyəm"
"Püşkdə hansı komanda düşürsə, düşsün. Bizim kimi istəməyimiz elə də vacib deyil". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib. O bildirib: "Önəmli olan böyük komandalara qarşı oynayacağımızdır. Gələcəkdə nə baş verəcəyini gözləyəcəyik. Biz cəhd göstərdik. Sürpriz etməyə çalışdıq. Niyə? Çünki biz evdə qalib gələndə müəyyən üstünlüklərimiz olur. Qalib gələn komandalar çox vaxt oyun üslubunu dəyişmirlər. "Hapoel" bizimlə evdəki kimi oynadı. Buxarestdəki matç bitən kimi dedim ki, müəyyən dəyişikliklər etməliyəm və səhvə yol vermədən müəyyən sürprizlər etməliyik. Ona görə də bu gün bəzi dəyişikliklər etdik. Rəqib də müəyyən mənada çaşdı. Rəqib önə keçəndə hesabı qorumağa çalışdı. Düşündük ki, bunu lehimizə çevirə bilərik. Bütün dəyişikliklər əvvəldən düşünülmüşdü. "Hapoel"in də bir az bəxti gətirdi. İki dəfə topumuz dirəkdən qayıtdı, amma həvəsdən düşmədik. Tellurun qolu bunların əvəzini çıxdı". "Səhvlərimiz var, təhlil edəcəyik. Stadiona gələn azarkeşlər bu gecəni unutmayacaqlar. Mən bu günü qeyd edəcəyəm. Heç vaxt alkoqol qəbul etməmişəm. Amma sizi əmin edirəm ki, bu gün bunu edəcəyəm", - deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Sabah" - "Hapoel Beer-Şeva" matçı təmsilçimizin 5:2 (ilk oyun - 1:2) hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Sabah" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Mənbə
oxu.az